Amnesty International: Tofiq Yaqublu vicdan məhbusudur

tərəfindən Gozetci

[:az]“Tofiq Yaqublu vicdan məhbusudur və onun azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyətinin siyasi müxalifətə, ölkədə söz azadlığına qarşı təzyiqlərinə növbəti nümunədir.”

Bu barədə, Amnesty International Təşkilatının Cənubi Qafqaz tədqiqatçısı Natalya Nozadzenin Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi ilə bağlı münasibətində deyilir.

Onun sözlərinə görə, Tofiq Yaqublu Prezident İlham Əliyev hakimiyyətinin qanunsuz idarəçiliyinə qarşı çıxdığı üçün illərdir təqib və təzyiqlərə məruz qalır.

“Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun dərhal və qeyd-şərtsiz azad edilməsi məqsədilə, onun barəsində həbs qərarına təcili olaraq yenidən baxmalıdır,“ o bildirib.

Freedom House: Yaqublu və siyasi motivlərlə həbs olunanlar sərbəst buraxılmalıdır

Freedom House təşkilatı da müxalifət funksioneri Tofiq Yaqublunun həbsinə münasibət bildirib.

“Tofiq Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir,” Freedom Housun-un bəyanatında deyilir.

“Yaqublunun işi, hökumət tənqidçilərinə qarşı gücləndirilmiş bir təzyiqin və hakimiyyətin söz azadlığına, qanunun aliliyinə açıq şəkildə məhəl qoymadığının göstəricisidir. Azərbaycan hakimiyyəti COVİD-19 pandemiyası və bununla əlaqəli məhdudiyyətlərdən müxalifləri susdurmaq və təqib etmək üçün bir fürsət kimi açıq şəkildə istifadə edir. Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir,” Freedom House-un Avropa və Avrasiya proqramlarının direktoru Marc Behrendt deyib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, ancaq istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin, videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib..

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az