Emin Saqiyev 15 gündür aclıq edir

tərəfindən Gozetci

[:az]Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində 15-ci gündür aclıq edir. Bu barədə Turan-a Emin Saqiyevin ailəsindən bildiriblər.

Vəkil Bəhruz Bayramov Turan-a deyib ki, Emin Saqiyev aclıq aksiyasına avqustun 18-də, onun kassasiya şikayəti ilə bağlı Ali Məhkəmənin iclasından sonra başlayıb. O, Ali Məhkəmənin qərarına etiraz edir.

Bəhruz Bayramov Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Emin Saqiyevin həyat yoldaşı Aygün Saqıyeva Turan-a bildirib ki, Emin Saqıyevin məhbus yoldaşı avqustun 31-də onların evinə zəng edib.

“O, bildirdi ki, Eminin səhhəti kəskin pisləşib. Dünən həkimlərin xahişlərinə baxmayaraq, o, yenə qidadan imtina edib. Emin güclə danışır, böyrəklərində və ürək nahiyəsində kəskin ağrılar var. Saqiyev ombudsmanla görüş tələb edir”, – o qeyd edib.

Sentyabrın 1-də Ombudsman Aparatının  Milli Preventiv Qrupunun üzvləri 6 saylı cəzaçəkmə müəssisəsində Emin Saqiyevlə görüşüblər. “Saqiyevin müraciətləri dinlənilib, müvafiq hüquqi məsləhətlər verilib. Ombusmanın səlahiyyətləri çərçivəsində lazımi köməklik göstəriləcəyi onun diqqətinə çatdırılıb”, –  Ombudsman Aparatından bildiriblər.

Son məlumatlara görə, Emin Saqiyev qidadan imtina edərək, tələbi yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəyini bildirib. O, qanunvericiliyə uyğun olaraq cəzaçəkmə müəssisəsinin tibbi-sanitar hissəsinə yerləşdirilib, həkim nəzarətindədir.

Emin Saqıyev 2017-ci il noyabrın 17-də saxlanılıb. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, Xalq Cəbhəsi Partiyasının fəalı, jurnalist, Avropadan yayımlanan müxalifyönlü “Turan TV” telekanalının aparıcısı olmuş Türkel Azərtürkün bacanağıdır.

Yerli hüquq müdafiəçiləri əmindirlər ki, onu siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Azərtürk son bir neçə ildir ki, Avropada yaşayır. O, Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” İnternet resursunun əməkdaşı olub. Türkel Azərtürkün özü də bu ilin fevralında bildirib ki, o və ailəsi həyatlarına təhlükə olması ilə bağlı Niderland polisi tərəfindən xəbərdar edilib. Bu ilin martında Türkel Azərtürk AXCP-dən, o cümlədən AND təşkilatından, İnternet resurslarında fəaliyyətdən istefa verdiyini bildirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az