Hakim Vəfa Nağıya qarşı iddianı icraata qəbul edib

tərəfindən Gozetci

[:az]

Neftçala Rayon Məhkəməsi Xol Qaraqaşlı kənd Bələdiyyə Şurasının üzvü, ictimai fəal Vəfa Nağının  barəsində xüsusi cinayət ittihamı qaydasında iddianı icraata qəbul edib. İş üzrə iddiaçı kənd Bələdiyyə Şurasının sədri Əlibala Səlimovdur. O, V.Nağının təhqir və böhtan ittihamı ilə cəzalandırılmasını tələb edir.

İddia ərizəsində V.Nağının Facebook-dakı statusuna  istinadən iddia edilir ki, guya o, Ə.Səlimovun işgüzar nüfuzuna xələl gətirib, onun ləyaqətini alçaldıb. Ona görə də Ə.Səlimov onun Azərbaycan CM-in 147.1-ci (böhtan), 147.2-ci (ağır cinayətin törədilməsində böhtan) və 148-ci (təhqir) maddələri ilə cəlb olunmasını tələb edib.

Bir neçə dəfə təxirə salındıqdan sonra iddia üzrə hazırlıq iclası avqustun 21-də Neftçala Rayon Məhkəməsində hakim Əli Tağıyevin sədrliyi ilə keçirilib.

Prosesin əvvəlində V.Nagi və onun vəkili Nemət Kərimli işi icraata qəbul etməməsini məhkəmədən xahiş edib.

“İddiaçı və onun vəkili isə iddianın baxılmaq üçün qəbul edilməsini və məhkəmə prosesi başa çatana qədər mənim kənd ərazisini tərk etməməyi tələb etdilər. Hakim mənə Ə.Səlimov haqqında statusları silməyi təklif etdi və onu “hörmətli” şəxs adlandırdı. Belə olan halda hakim mənə “barışıq sazişi”nin əldə olunmasına kömək edəcəyini vəd etdi. Mən, əlbəttə, bundan imtina etdim. Əgər insan korrupsiya ilə məşğuldursa, bunu başqa nə cür adlandırmaq olar? Mən heç kəsi təhqir etməmişəm. Mənim korrupsiya ilə bağlı bəyanatlarım isə yerli sakinlərin şikayətlərinə əsaslanır. Mən və sakinlər bələdiyyədə korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanlarına 60 şikayət göndərmişik. Təəssüf ki, onlara lazımi qaydada baxmayıblar və araşdırmalar ilə nəticələnməyib”, – V.Nagi bildirib.

O hesab edir ki, cinayət təqibi ilə onu qorxutmaq və susmağa məcbur etmək istəyirlər.

Onun sözlərinə görə, hakim işi baxılmaq üçün qəbul etməyi qərara alıb və mahiyyəti üzrə dinləmələri avqustun 27-nə təyin edib. Lakin məhkəmə onun hərəkətinə məhdudiyyət qoymayıb.

“Mən məhkəmə çəkişməsinin gedişindən razı deyiləm. Hakim özünü Ə.Səlimovun vəkili kimi aparırdı. O, mənə nəsihətverici şəkildə dedi: “Status yaza bilərsən, amma heç kəsin şərəf və ləyaqətini alçaltmaq olmaz. Statuslar silinsə anlaşma ola bilər”.  Yəni o, hələ mahiyyəti üzrə  dinləmələr keçirmədən iddiaya öz qiymətini verdi və öz qərəzliliyini göstərdi. Mən məhkəmənin ədalətliliyi barədə illüziyalar qurmuram, ancaq geri çəkilmək fikrində də deyiləm”, – V.Nağı qeyd edib.

Vəkil N.Kərimli məhkəmədə iddianın əsassız olduğunu bildirib.

Ə.Səlimov kənd bələdiyyəsinin rəhbəri olaraq publik şəxsdir və tənqidə daha dözümlü olmalıdır.

V.Nagının yazıları  Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən təmin edilən ifadə azadlığına uyğun gəlir.

İrəli sürülən ittihama görə V.Nağını min manatdan min beş yüz manatadək (600-900 dollar) cərimə, yaxud iki yüz qırx saatdan dörd yüz səksən saata qədər ictimai işlər, və ya bir ilədək islah işləri, yaxud altı ayadək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Bundan öncə Ə.Səlimov KİV-ə bələdiyyənin sərəncamında  olan mülkiyyətlə bağlı hüquqazidd əməllər törətmədiyini bildirmişdi.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az