[:az]“Demokratik Qüvvələrin Milli Şurası olaraq Azərbaycan hakimiyyətindən 21-ci əsrdə gerçəkləşdirməkdə davam etdiyi utancverici işgəncə təcrübəsinə, eləcə də qlobal pandemiyadan öz siyasi rəqiblərinə, tənqidçilərinə qarşı təzyiq və təqib mexanizmi kimi istifadə rüsvayçı siyasətinə son qoymasını təkidlə tələb edirik”.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədova qarşı işgəncələrə dair Milli Şuranın bəyanatında deyilir.
Sənəddə bildirilir ki, aprelin 28-də Azərbaycan hüquq-mühafizə orqanları daha bir cinayət əməli törədib, Binəqədi İnzibati Saxlanma Təcridxanasında 30 sutkalıq inzibati həbs cəzası çəkən AXCP fəalı, ictimai əsaslarla AXCP sədri Əli Kərimlinin cangüdəni olan Niyaməddin Əhmədova ağır işgəncələr verilib.
“Naməlum şəxslər əsassız və qanunsuz olaraq 30 sutka azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Niyaməddin Əhmədovu tam qanunazidd şəkildə saxlanıldığı Binədəqi İnzibati Saxlanma Təcridxanasından çıxararaq başqa ünvana aparıb və orada kiçik fasilələrlə 12 saat ərzində amansız fiziki işgəncələrə məruz qoyub. Niyaməddin Əhmədov yalnız 12 saatdan sonra təcridxanaya qaytarılıb, üzərindəki işgəncə izlərini gizlətmək və bu barədə məlumatın yayılmamasını təmin etmək məqsədilə təkadamlıq kameraya salınıb. AXCP fəalı çətinliklə də olsa, ailə üzvlərinə ağır işgəncələrə məruz qalması haqqında məlumat ötürə bilib və onlar bu məlumatı ictimailəşdirib. Niyaməddin Əhmədovun ailə üzvlərinə bildirdiyinə görə, fasilələrlə 12 saat davam edən döymə və s. qeyri-insani və alçaldıcı rəftarı ehtiva edən işgəncələr müddətində ondan ictimai əsaslarla cangüdəni olduğu AXCP sədri Əli Kərimliyə qarşı böhtan xarakterli ifşaedici ifadələr verməsi tələb olunub. Niyaməddin Əhmədovun bildirdiyinə görə, ağır işgəncələrə baxmayaraq, o, belə ifadələri verməkdən imtina edib”, deyə Milli Şura qeyd edir.
Qurum hesab edir ki, bu hadisə İlham Əliyevin 19 mart və 14 aprel çıxışlarında etdiyi nifrət çağırışlarının doğurduğu nəticədir.
“Prezident həmin çıxışlarında Azərbaycan müxalifətini düşmən, satqın, 5-ci kolon, vətən xaini adlandırıb və hətta daha uzağa gedərək, bütün ətrafından, dəstəkçilərindən müxalifəti “adı ilə” çağırmağı tələb edib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şərlənərək həbs olunması, onlarla AXCP, ADP və MBH fəalının inzibati həbslə cəzalandırılması, Əli Kərimlinin internetə çıxışının tam olaraq qapadılmaqla sosial izolyasiyaya məruz qoyulması məhz İlham Əliyevin həmin çağırışlarına hüquq-mühafizə orqanlarının cavabı kimi dəyərləndirilməlidir”.
Milli Şura hesab edir ki, Niyaməddin Əhmədova qarşı törədilən cinayət faktı həm anti-insani işgəncə əməli kimi lənətlənməli, həm də inzibati cəzaçəkmə təcridxanasında olan şəxslərin qanunazidd olaraq oradan çıxarılaraq işgəncəyə məruz qalması şəklində gerçəkləşən ədliyyə və polis sisteminin başıpozuqluğu kimi qınanmalıdır.
“Bu cinayət faktı eləcə də Azərbaycan hakimiyyətinin AXCP-yə, Milli Şuraya və şəxsən Əli Kərimliyə yönəlmiş yeni repressiya dalğasına, böhtan və şərləmə kampaniyasına hazırlaşmasına da dələlət edir”, deyə bəyanatda bildirilir.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidməti Niyaməddin Əhmədovun içgəncələrə məruz qoyulması barədə yayılan məlumatları “uyduma xəbər” adlandırıb və təkzib edib.
Turan[:]