[:az]Ailə üzvləri Sahil Rzalının ağciyər xəstəliyindən əziyyət çəkdiyini deyirlər
“Müsəlman Birliyi” Hərəkatının üzvü Sahil Rzalının saxlandığı 15 saylı cəzaçəkmə müəssisəsində aclığa başladığı deyilir. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, S.Rzalı qanunsuz həbsinə etiraz olaraq, üç gündür ki, aclıq aksiyası keçirir.
Ailə üzvləri bildirir ki, S.Rzalının səhhətində ciddi problemlər var. Buna görə uzun müddət ağciyər xəstəliklərindən əziyyət çəkən məhbusların saxlandığı 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində tibbi yardım alıb.
“Vərəm xəstəliyindən əziyyət çəkən adam gərək həmişə yaxşı qidalansın. Lakin cəzaçəkmə müəssisəsində məhbuslara verilən yeməklərin keyfiyyəti çox aşağıdır. Ona görə də məcbur olub, müəssisələrdəki köşklərdən, dükanlardan alıb yeyirdilər. Pulu olmayan məhbuslar nisyə alırdı. Bir neçə gündür ki, 15 saylı cəzaçəkmə müəssisəsində məhbuslara nisyə satmağı dayandırıblar. Pulu olmayan məhbuslar çox pis vəziyyətə düşüblər”, – deyə S.Rzalının ailə üzvləri bildirib.
Yaxınları deyib ki, COVİD-19 pandemiyasıyla əlaqədar cəzaçəkmə müəssisələrində məhkumlara sovqat çatdırılması və görüş qadağasından əvvəl S.Rzalının ehtiyacı olan qidaları ona aparırdılar. Amma martın 6-dan rəsmi qərarla qadağa tətbiq olunduğuna görə o, məcbur qalıb, müəssisədəki köşkdən qida məhsulları almalı olurdu:
“Onun başlıca tələbi azadlığa buraxılmasıdır. Beşinci ildir ki, ona verilməyən zülm, işgəncə qalmayıb. Nə vaxta qədər davam edəcək? Ona görə də quru aclıq edir, hətta su da içmir. Bu, xəstə adamdır, ya özünüz keyfiyyətli yemək verin, ya da yanına aparılana imkan verin. Biz bank sahibi deyilik, o qədər pulumuz yoxdur ki, ona istənilən qədər çatdıraq, o da lazım olan hər şeyi oradan ala bilsin. Üstəlik, orada qiymətlər də çox bahadır”.
Ailə üzvləri onu da əlavə edib ki, sonuncu dəfə S.Rzalı ilə telefonla danışarkən onun durumunun yaxşı olmadığını anlayıblar. Özü də təsdiqləyib ki, vəziyyəti getdikcə pisləşir: “Bədəni əsir, başağrıları var”.
Penitensiar Xidmətdən isə bildirilib ki, hansısa məhkumun aclıq etməsi barədə heç bir məlumat yoxdur.
S.Rzalı 2015-ci ilin noyabrında Nardaran hadisələri ərəfəsində həbs olunub. O, Sabunçu Rayon Məhkəməsinin hökmüylə 6 il 5 ay 15 gün azadlıqdan məhrum edilib. S.Rzalı Cinayət Məcəlləsinin 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinib.
Lakin o, ittihamları qəbul etmir, günahsız həbs olunduğunu bildirir.
Meydan TV[:]