[:az]Redaktora xəbərdarlıq edilib[:]

tərəfindən Gozetci

[:az]Yanvarın 21-də Baş Prokurorluq jamaz.info xəbər portalının təsisçisi və baş redaktoruna xəbərdarlıq verib.

Bu barədə Baş Prokurorluqdan məlumat yayılıb.

Məlumatda iddia edilir ki, jamaz.info xəbər portalında «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulub.

Qurum qeyd edib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10-yaşlı Nərmin Quliyevanın ölüm işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidmətləri ictimaiyyətə ətraflı məlumatlar verib. Baş Prokurorluq hesab edir ki, buna baxmayaraq, saytda sensasiya naminə qərəzli şəkildə, həqiqətəuyğun olmayan və istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən informasiyaların məqsədli şəkildə yayıldığı müəyyən edilib.

Baş Prokurorluq habelə bildirib ki, qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Fikrət Fərəməz oğlu İbişbəyli Baş Prokurorluğa dəvət edilərək «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və «Kütləvi informasiya vasitələri haqqında» Qanunun 10-cu maddəsinə əsasən xəbərdarlıq edilib. «Gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib», – Baş Prokurorluğun açıqlamasında yazılıb.

Redaktorun dedikləri

Xəbərdarlıq almasını AzadlıqRadiosuna redaktorun özü də təsdiq edib. O da deyib ki, xəbərdarlıq Tovuz rayonunda qətlə yetirildiyi bildirilən Nərmin Quliyeva ilə bağlı yazıya görə olub: «Bir neçə gün əvvəl saytda Nərmin Quliyeva ilə bağlı yazı çıxdı. Yazı versiyalar və ehtimallar üzərində qurulmuşdu. Prokurorluqda isə mənə bildirdi ki, bu həssas məsələdir və belə məqalələr istintaqa müdaxilə kimi qiymətləndirilir. Mənə bildirilib ki, belə məsələlərdə rəsmi məlumatlara söykənmək lazımdır və xəbərdarlıq edildim».

F.Fərəməzoğlu əlavə edib ki, Baş Prokurorluğa çağırılması ilə bağlı şikayət verib-verməyəcəyini vəkillərlə məsləhətləşəcək.

Bundan əvvəl də Azərbaycanda bir sıra sayt redaktorları Baş Prokurorluğa çağırılaraq belə xəbərdarlıq alıblar. Onlar da dərc etdikləri müxtəlif mövzulu yazılarda qanunvericiliyin tələblərini pozmaqda, yalan və qərəzli məlumatlar yaymaqda günahlandırılıblar. Amma həmin saytların bəzilərinin redaktorları bunu ifadə azadlığına basqı kimi dəyərləndiriblər.

10-yaşlı Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Onun meyiti bir müddət sonra Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanmışdı.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az