[:az]Cəbhəçini həbsdən buraxmamağın səbəbi: ‘Tərs və təkəbbürlüdür…'[:]

tərəfindən Gozetci

[:az]AXCP Gənclər Komitəsinin həbsdə olan fəalı Orxan Baxışlı saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən məntəqə tipli müəssisəyə köçürülmək istəyir. Məhkəmələr isə onun bu istəyini təmin etmir. Bu barədə qərarlarında da cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun haqqında yazdığı rəyə istinad edirlər.

O.Baxışlı öncə Qaradağ Rayon Məhkəməsinə ərizə vermişdi. Lakin bu məhkəmə sözügedən rəyi əsas götürüb, onun məntəqə tipli müəssisəyə köçürülməsini uyğun saymamışdı.

14 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi rəydə yazır ki, O.Baxışlı səmimi deyil, tərs və təkəbbürlüdür. Məhkəmə hökmündə cəza ilə yanaşı, onun üzərinə ekspertiza xərcini (narkotiklə bağlı ekspertiza-red.) ödəmək öhdəliyi də qoyulub. Cəbhəçi fəalın o xərci ödəməməsini, narkotik ittihamını qəbul etməməsini, özünü təqsirli bilməməsini rəhbərlik onu xarakterizə edən mənfi hallar kimi qeyd edib. Rəydə həmçinin yazılıb ki, O.Baxışlı cəzaçəkmə müəssisəsində mədəni, kütləvi tədbirlərdə iştirak etmir; fərdi tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmır; islah yoluna qədəm qoymayıb.

«Səmimilik necə olur?..»

Dekabrın 25-də Qaradağ Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılarkən O.Baxışlının vəkili Zibeydə Sadıqova sözügedən rəyə etiraz edib: «Səmimilik necə olur? Kim və necə müəyyənləşdirir bunu? «Tərs və təkəbbürlüdür» – bu nə deməkdir? Yazıblar ki, cinayəti etiraf etmir. Bu, birbaşa İnsan Hüquqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli mühakimə hüququ) maddəsinin pozuntusudur. İttihamı qəbul edib-etməmək şəxsin hüququdur, onun əleyhinə istifadə oluna bilməz. Bu halda isə faktiki Orxan Baxışlının əleyhinə istifadə olunub».

Vəkil əlavə edib ki, O.Baxışlı təhsilini davam etdirmək istəyir, cəzaçəkmə müəssisəsində də mütaliə ilə məşğul olur. Ona bu şərait yaradılmalıdır.

O.Baxışlı özü də şikayətinin təmin olunmasını istəyib.

Lakin Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası da ona «yox» deyib.O.Baxışlının ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə şikayət verəcəklər: «Orxan ona təyin edilmiş 3 illik cəzanın yarısını artıq çəkib. Yəqin ki, yaxın vaxtlarda bu əsasla da vaxtından əvvəl şərti azadlığa buraxılması üçün yenidən müraciət edəcəyik».

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az