[:az]Bu gün, noyabrın 11-də hazırda inzibati həbsdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi ilə telefonla danışdığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna Nigar Həzinin özü məlumat verib.
Onun sözlərinə görə, İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində olan atası Tofiq Yaqublu zəng vurub:
“Atam dedi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir zabit əməkdaşı saxlanıldığı təcridxanaya gələrək onu 3 saatdan çox sorğu-suala tutub. Ondan Milli Şuradan istefa veməyi və siyasi fəaliyyətə son qoyması tələb olunub. Əks təqdirdə, atamı İdarəyə aparıb orada ağır işgəncələr verəcəklərini bildirib”.
Nigar Həzinin iddiasına görə, atasını ailəsi ilə təhdid ediblər:
“Mənim, ailəmin başına bir iş gələrsə, bu təzyiqlər Tofiq Yaqublunu mübarizəsindən çəkindirmək üçündür. Ancaq bu yolun geriyə dönüşü yox”, Nigar Həzi bildirib.
Bu deyilənlərə, hələlik, sözü gedən idarədən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanın hüquq-mühafizə orqanları, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə basqı ilə üzləşmir.
Azadlıq Radiosu[:]