[:az]Müsavat Partiyası başqan müavini Razim Əmiraslanlının saxlanıldığını güman edir.
Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Amerikanın Səsinə bildirib.
“Razim Əmiraslanlı noyabrın 11-də saat 10-da Bakının Binəqədi rayon Polis İdarəsinə çağırılıb. Hələ də ondan xəbər yoxdur. Telefonuna zəng çatmır. Ailəsinə saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Bayram günü olduğundan vəkillə müqavilə bağlamaq da mümkün deyil,” mətbuat xidmətinin rəhbəri qeyd edib.
Müsavat Partiyasının məlumatına görə, son günlər Bakıda və regionlarda bu partiyasının yüzdən çox fəalı polis idarə və şöbələrinə çağırılaraq partiyanın noyabrın 12-nə təyin etdiyi aksiyada iştirak etməmələri ilə bağlı xəbərdarlıq edilib. Polis aksiyada iştirak edənlərin məsuliyyətə cəlb olunacağını bildirib.
Mustafa Hacılı bildirib ki, bu gün partiyanın divanı (idarə heyəti-red) noyabrın 12-də saat 15-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piketin keçirilməsi ilə bağlı partiyanın qərarının qüvvədə olduğunu bildirib.
“Müsavat Partiyasının Divanı partiya üzvlərinə qarşı kütləvi təzyiqləri qətiyyətlə pisləyib və özbaşınalığa son qoyulmasını tələb edib,” Hacılı qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqin şəhərin hüdudları daxilində keçirilməsinə razılıq verməkdən imtina edib və aksiyanı Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirməyi təklif edib.
Partiya mitinqi ləğv edib və noyabrın 12-də şəhər administrasiyasının binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket keçirəcəyini bildirib. Amma icra hakimiyyəti bu piketə razılıq verməkdən imtina edib. Buna baxmayaraq, Müsavat rəhbərliyi şəhər administrasiyası qarşısında aksiya keçirəcəyini bəyan edib.
Rəsmi qurumlar Müsavat Partiyasının fəallarının polisə çağırılması ilə bağlı hələ açıqlama verməyib.
Amerikanın Səsi[:]