[:az]Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) noyabrın 10-da mitinq keçirmək istəyi ilə bağlı Müsavat Partiyasının müraciətinə cavab verib.
Bu barədə AzadlıqRadiosuna danışan partiyanın başqanı Arif Hacılı bildirib ki, icra hakimiyyəti onların təklif etdiyi yerlərdən heç birində kütləvi aksiyanın keçirilməsini məqbul saymayıb: «İcra hakimiyyəti bildirdi ki, «Məhsul» stadionunda təmir işləri gedir…».
Verilən məlumatlara görə, cavab məktubunda təklif edilən başqa yerlərə isə qanunvericiliklə metropolitenin mühafizə zonalarında dinc toplantıların keçirilməsinə icazə verilməməsi səbəb kimi göstərilib.
Bunun əvəzində isə Müsavat Partiyasına aksiyanın Lökbatan qəsəbəsində keçirilməsi təklif edilib.
Müsavat Partiyası BŞİH-ə «Məhsul» stadionundan başqa Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan və metronun «Dərnəgül» stansiyasının çıxışındakı meydanı təklif etmişdi.
A.Hacılı AzadlıqRadiosuna deyib ki, partiya BŞİH-nın təklif etdiyi yerdə mitinq keçirməkdən imtina edib. Onlar noyabrın 12-də piket keçirmək niyyətindədirlər.
Partiyadan o da bildirilib ki, noyabrın 12-si Konstitusiya Günüdür. Onlar «Konstitusiyaya əməl et», «Sərbəst toplaşma azadlığını təmin et» tələblərini gündəmə gətirəcəklər.
Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi, amma BŞİH ilə yerlə bağlı razılaşdırma olmaması üzündən təxirə salınan aksiyasında isə «Siyasi məhbuslara azadlıq», «Repressiyalara son» kimi şüarların səsləndirilməsi planlaşdırılırdı.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların mövcudluğu və repressiyaların aparılması fikri ilə razı deyillər. Onlar deyirlər ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Azadlıq Radiosu[:]