[:az]«Azəriqaz» İstehsal Birliyinin (İB) Regional Qaz İstismar İdarələrində xidmət müqaviləsi əsasında çalışan əməkdaşlarının iki aydır xidmət haqqını ala bilmədikləri bildirilir.
Bu barədə Bakı və Xaçmaz Qaz İstismar İdarələrində çalışdıqlarını bildirən bəzi şəxslər məlumat verib. Şikayətçilərin sözlərinə görə, əmək müqaviləsi ilə çalışanlar əməkhaqqını alsalar da, xidmət müqaviləsiylə çalışanlar pulunu ala bilmir: «Artıq iki aydır pulsuz işləyirik. Bildiyimiz qədər bu problem təkcə bizdə deyil, bütün ölkə üzrədir. Bizim da öz problemlərimiz var, evdə uşaqlarımız var. Hər gün idarəyə gəlirik, bu gün-sabah deyib yola salırlar. Belə olmaz axı, müqaviləmiz da var. Orada yazılıb ki, pulumuz hər ay veriləcək».
«Turan» agentliyinin xəbərinə görə, «Azəriqaz» İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bu məsələylə bağlı suala belə cavab verib: «Bakıda yox, amma regionlarda belə bir problem var. Yığımlar azdır deyə, xidmət haqlarını ödəyə bilməmişik. Lakin 3-4 günə bütün ödənişlər həyata keçiriləcək».
Azadlıq Radiosu[:]