[:az]Milli Şura mitinqi təxirə salıb (YENİLƏNİB)[:]

tərəfindən Gozetci

[:az]Milli Şura 2 noyabr mitinqini təxirə salıb. Bu barədə qurumun sədri Cəmil Həsənli öz ”facebook” səhifəsində yazıb.

“Dəyərli dostlar! Milli Şuranın rəhbərliyi mənim müraciətimi müzakirə edərək 2 noyabr mitinqinin təxirə salınması barədə qərar qəbul etmişdir. İndiki anda doğru saydığım bu qərara görə MŞ-nın rəhbərliyinə təşəkkür edirəm”, – Həsənli qeyd edib.

***

Hazırda ABŞ-da olan Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli 2 noyabr mitinqinin təxirə salınmasını təklif edib.

Bu barədə Cəmil Həsənli “Facebook” səhifəsində yazıb.

Cəmil Həsənlinin sözlərinə görə, Milli Şura 19 oktyabr mitinqi ilə Azərbaycanda sərbəst toplaşma azadlığının olmaması və polis zorakılığı məsələsinin bütün dünyanın gündəminə qayıtmasına nail olub.

“Məqsədyönlü iş aparmaq lazımdır ki, Avropa Birliyi, ABŞ, Avropa Şurası Azərbaycan hakimiyyətilə beynəlxalq öhdəliklərini yerinə yetirməklə bağlı ciddi danışıqlar aparsın. DQMŞ və AXCP rəhbərliyi onsuz da sübut edib ki, hətta ən ağır repressiyalar şəraitində də mitinqlər, aksiyalar edə bilirik. Ölkənin etirazçı elektoratı Milli Şuraya inanır. Biz kifayət qədər güclü olduğumuz üçün həm də manevrlər edə bilərik, rəqibin zərbəsindən yayınıb, gələcək mübarizə üçün daha da güclənə bilərik. Xalqımızla və beynəlxalq aləmlə işi gücləndirsək, bir müddətdən sonra meydanlara daha möhtəşəm şəkildə qayıdacağıq”, – Cəmil Həsənli yazıb.

DQMŞ yetkilisi Gültəkin Hacıbəyli Meydan TV-yə Cəmil Həsənlinin müraciətini müzakirə etdiklərini bildirib.

DQMŞ yetkilisi Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəylinin sözlərinə görə, Milli Şuraya daxil olan məlumatları da müzakirə ediblər:

“Həmin məlumatlara görə, hakimiyyətin 2 noyabr aksiyası ilə bağlı ciddi hazırlıqları var. Bunların bəziləri haqqında artıq media və sosial şəbəkələrdən bilirik. Məsələn “Milli Fədailər Təşkilatı” adı altında dəstələr yaradıblar. Onları maliyyələşdirib, mitinqdə təxribatların və zorakılıqların ağırlığını polisin üzərindən götürmək istəyirlər. Yəni daha çox onların üzərinə yönəltmək niyyəti var. Mənə təşkilatın rəhbəri özü zəng edib, Əli Kərimli ilə bağlı açıq təhdidlər səsləndirib. Eyni zamanda, bu addım polisin üzərinə düşəcək məsuliyyəti mülki şəxslərin üzərinə qoymaq kimi təhlükəli xarakter daşıyır”.

Gültəkin Hacıbəyli beynəlxalq təşkilatlardan bununla bağlı ciddi xəbərdarlıqlar aldığını bildirib:

“Hakimiyyətin radikal dini qruplar vasitəsilə təxribatlar törətmək ehtimallarının da yüksək olduğu bildirilir. Təkidlə bizə deyilən məlumata görə hətta 2017-ci ilin Gəncə hadisələrinə bənzər hadisələrin təkrarlanması variantını düşünürlər. Bütün bunları nəzərə alaraq müvafiq qərar qəbul ediləcək. Bu qərarı isə günün sonunda AXCP sədri Əli Kərimli detalları ilə açıqlayacaq”.

G.Hacıbəyli deyib kİ, Milli Şura avtoritarizmdən demokratiyaya dinc, qansız, təxribatsız keçidin tərəfdarıdır:

“Hakimiyyət onsuz da son hadisələrdə başını itirib yanlışlıqlara yol verir. Onlardan biri süni gərginlik yaradıb, ölkəni vətəndaş müharibəsinə çəkmək istəyidir. Baş Prokurorluğun və DİN-in son bəyanatı narahatlıq doğurur və hadisələri zorakılığa çəkmək məqsədi daşıyır. Bizim məqsədimiz Konstitusiyanın 49-cu maddəsinə söykənərək sərbəst toplaşmaq azadlığını bərpa etməkdir. Ona görə də biz proseslərin dinc və sivil məcradan çıxmasının qəti əleyhinəyik”.

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da metronun “28 May” stansiyası qarşısında mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aksiya haqqında yaydığı açıqlamada 60 nəfərin saxlanıldığını bildirib. Saxlanılanların çoxu sərbəst buraxılsa da, 28 nəfər inzibati həbs cəzası alıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az