[:az]SMDT 19 -20 oktyabr etiraz aksiyaları ilə bağlı bəyanat yaydı[:]

tərəfindən Gozetci

[:az]

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi  Mərkəzinin

Bakı şəhərində keçirilmiş son dinc etiraz aksiyaları zamanı sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulması ilə bağlı

Bəyanatı

Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabrda şəhərin mərkəzində planlaşdırdığı dinc etiraz mitinqi çoxsaylı polis əməkdaşlarının kobud müdaxiləsi ilə müşayiət olunaraq, xeyli sayda vətəndaşın bədən xəsarətləri alması, saxlanması və həbs edilməsi ilə nəticələnib.  Mitinq öncəsi Xalq Cəbhəsi Partiyasının 2  üzvü barədə siyasi motivlərlə cinayət işi açılıb, 17 nəfər isə inzibati məsuliyyətə cəlb olunaraq həbs edilib. Hazırda əksəriyyəti partiya rəhbərliyindən olmaqla ən azı 28 nəfər AXCP və 3 Müsavat  üzvü həbsdədir.

Oktyabrın 20-də isə bir qrup ictimai fəal “Qadınlara qarşı şiddətə yox” tələbi ilə etiraz yürüşü keçirərkən, polislərin kobud müdaxiləsi ilə üzləşib, həm fəallar, həm də jurnalistlər müxtəlif bədən xəsarətləri alıblar.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi qeyd edir ki, 19 oktyabrda 28 May metrostansiyası ətrafında nəqliyyatın fəaliyyətinin dayanması, həmin ərazidə mobil operatorların çalışmaması sərbəst toplaşmaq azadlığı ilə yanaşı vətəndaşların istehlakçı hüquqlarının qanunsuz metodlarla məhdudlaşdırılmasına yönəlib.

SMDT təəsüflə qeyd edir ki, polis tərəfindən saxlanılan mitinq iştirakçıları, o cümlədən AXCP sədri Əli Kərimli həm polis avtobuslarında, həm də polis bölmələrində döyülərək, təhqirlərə məruz qaldıqlarını, qeyri-insani rəftarla üzləşdiklərini bildiriblər.

SMDT bildirir ki, sərbəst toplaşmaq azadlığı siyasi partiyalar və ictimai təşkilatların fəaliyyətində önəmli rol oynamaqla plüralizmin təmin edilməsində mühüm əhəmiyyətə malikdir.  Sərbəst toplaşmaq azadlığının inkar edilməsi  azad və ədalətli seçkilərin, siyasi plüralizmin, birləşmək azadlığının rədd edilməsi, dolayısıyla demokratiyanın inkar edilməsi deməkdir.

SMDT bildirir ki, Azərbaycan həm ölkə konstitusiyasının 49-cu maddəsi, Sərbəst toplaşmaq azadlığı haqqında qanun, həm də qoşulduğu beynəlxalq sənədlər –  Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi ilə sərbəst toplaşmaq azadlığının dinc şəkildə həyata keçirilməsini təmin etmək və bu hüquqa olan qəsdlərin qarşısını almaq öhdəliyi götürüb.

SMDT xüsusi vurğulayır ki, öncədən xəbərdarlıq edilməyən istənilən mitinq əgər dinc xarakter daşıyırsa, polisin vəzifəsi bu aksiyada vətəndaşların təhlükəsizliyini təmin etməkdir.

SMDT qeyd edir ki, polisin 19 oktyabr və 20 oktyabr tarixindəki aksiyalara müdaxiləsi adekvat olmayıb, qanuni məqsəd daşımayıb, hüquq mühafzə orqanları edilən müdaxilənin və aşırı güc tətbiqinin ağlabatan izahını verməyib.

SMDT sərbəst toplaşmaq azadlığından istifadə edən insanların həbs edilməsini, ağır işgəncələrə və digər qeyri-insani rəftara məruz qalmasını şiddətlə qınayır, aksiyalarla bağlı barələrində cinayət işi açılanların, inzibati qaydada həbsə məruz qalan şəxslərin dərhal azad edilməsini, siyasi fəallara və jurnalistlərə qarşı zorrakı və qeyri-insani rəftara yol verən polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edir, hakimiyyəti sərbəst toplaşmaq azadlığı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az