[:az]Göyçay sakini: “Xəstəxanaları gəzdiyimizdən aylarla çimmirik”
Göyçayın 9 yaşlı sakini Xədicə Yusifovaya həkimlər vərəm meningiti diaqnozu qoyublar. Uşağın anası Fəxriyyə Fətullayeva bununla razılaşmır.
“Respublika xəstəxanasında 1800 manat xərclədik”
Xədicənin xəstəliyə iki ay əvvəl yoluxduğu məlum olub. Temperaturu çox yüksəlib, valideynləri onu Göyçay Mərkəzi Xəstəxanasına çatdırıblar. Vəziyyətin ağır olduğunu biləndə uşağı Respublika Kliniki Xəstəxanasına gətiriblər. Fəxriyyə Fətullayeva orada Xədicəyə həm düzgün diaqnoz qoyulmadığını, həm də həkimlərin onları böyük xərcə saldıqlarını iddia edir.
“Respublika xəstəxanasında 1800 manat xərclədik. Bahalı iynələr, dərmanlar yazırdılar. Yevlaxda rəhmətlik atamdan qalma torpağımız vardı. İki dəfə ucuza – 1500 manata satdıq. Müalicənin heç xeyri də olmadı“, – Fəxriyyə belə deyir.
Həkimlər Xədicəyə xəstəliyin anasından keçdiyini bildirir. Fəxriyyə iddianın çox məntiqsiz olduğunu deyir. Həm də hesab edir ki, qızı tamam başqa xəstəlikdən əziyyət çəkir: “Həmişə başağrısından şikayət eləyir. Hiss eləyirəm ki, müalicəni düz aparmırlar”.
“Məhkəmə icraçıları aldadır”
Xədicə Fəxriyyənin ilk nikahdan doğulan övladıdır. İki qız dünyaya gətirən qadın 9 il əvvəl həyat yoldaşından ayrılıb. Amma indiyə qədər aliment ala bilmir. Göyçay Rayon Məhkəməsi 2015-ci ilin iyulunda alimentlə bağlı qərar versə də, Fəxriyyə bunun nəticəsini görə bilməyib. Heydər Əliyev Fonduna göndərmək üçün hazırladığı məktubda həm Göyçay Rayon Məhkəməsinin sədri Zəfər Quliyevdən, həm də Göyçay Rayon İcra və Probasiya Şöbəsinin rəhbəri İlqar Abdurrahmanovdan şikayəti olduğunu yazıb.
“Doqquz ildir uşaqlara tək baxıram. İlk həyat yoldaşım aliment ödəmir. Bu illər ərzində bir manat da verməyib. Məhkəmə icraçıları da yubadır. Gah bir yerə yollayırlar, gah başqa yerə. Gedib-gəlməkdən yorulmuşam. Aldadırlar. Hakim o vaxt dedi ki, iki uşağa görə 212 manat düşür. Mən dedim, 150 manat bəsdir, amma 20 qəpik də görməmişəm”, – Fəxriyyə danışır.
Fəxriyyə bir neçə il əvvəl ikinci dəfə ailə həyatı qurub. Dediyinə görə, qayınanası onu qəbul etmir, əri ilə daimi birlikdə yaşaması heç cür alınmır. Bu nikahdan bir oğlu dünyaya gəlib. Uşağın məktəb yaşı çatıb, amma imkansızlıqdan göndərə bilmirlər.
“Gölməçə suyu içirdik”
Fəxriyyə danışanda məlum olur ki, son illər məşəqqətli həyat sürüb. Deyir ki, fermalarda qul həyatı yaşayıb. Ağcabədidə, Ağdaşda, Zərdabda, Kürdəmirdə ayrı-ayrı fermerlərin təsərrüfatında qalmalı olub. Dediyinə görə, axırıncı dəfə Kürdəmirdəki təsərrüfatda əri ilə 300-dən çox mal-qaraya qulluq edirmiş. Fermer onlara yalnız gecələməyə yer verirmiş, o da rütubətli.
“Ayda 300 manat alırdıq. Mal-qaranı göz bəbəyimiz kimi qoruyurduq. Uşaq da fermada xəstələndi. Gölməçə suyu içirdik. Sonradan həkim dedi ki, uşağa mikrob keçib. Qızım xəstələnəndə başımız çox qarışıq oldu, qoyunlardan 10-u itdi. Fermanın sahibi dedi ki, 5-ni uşağına görə keçirəm, 5-nin pulunu verəcəksiz. İndi ona 1600 manat borcumuz qalıb. Əşyalarımızı girov saxlayıb. Hətta uşaqların sənədləri də ordadır. Neyləyim, yay tətilində uşaqları da özümlə aparmalı olurdum. Mal-heyvanın yanında yatırdıq. Qardaşım da fermada yaşayır”, – Fəxriyyə acınacaqlı həyatlarından danışır.
“Heydər Əliyev Fondundan gələn məktubu Göyçayda açıb götürmüşdülər”
Fəxriyyənin həyat yoldaşı Dəyanət Fətullayev indi valideynlərinin yanında – Göyçayın Türkmən kəndindədir. Xədicə isə anası ilə xəstəxanaları gəzir, dərdinə əlac axtarır. Fəxriyyə ciddi aclıq çəkdiklərini, xəstəxanalarda başqalarının verdiyi yeməklərlə qidalandıqlarını bildirir.
“Bir manat pulumuz yoxdu. Fermadan borcla ayrıldıq. Sosial yardım üçün də getdim. Deyirlər, get iş yerindən kağız gətir. Soruşurdular ki, inəyin varmı? Mənim yaşamağa yerim yoxdu heç. Uşaq ət yemək istəyir. Ona cavab verə bilmirəm. Özüm ac qalıram, uşağa verirəm. Xəstəxanaları gəzdiyimizdən aylarla çimmirik. Yazıb-oxumağı bacarmıram. Bir gəlin kömək elədi, Heydər Əliyev Fonduna yazdıq. Amma ordan gələn məktubu Göyçayda açıb götürmüşdülər. Mən təkcə qəbzi gördüm”, – Fəxriyyə danışır.
Fəxriyyə məktəbə göndərməyə gücü çatmadığından, qızlarını Göyçaydakı inteqrasiya təlimli internat tipli gimnaziyaya verib. Xədicə xəstələndiyindən, dördüncü sinfə başlaya bilməyib. Fəxriyyənin böyük qızı Səbinə altıncı sinifdə oxuyur. Anası deyir ki, uşağı bayramdan-bayrama görür: “Ağlayır, deyir, sizinlə yaşamaq istəyirəm”.
Fəxriyyə deyir ki, ilk həyat yoldaşı gəlib uşaqlarıyla görüşmür. Bir az Xədicə ilə söhbət edirik. Saçlarını kəsiblər. Güclü başağrıları ona rahatlıq vermir, məcbur qalıblar. Kəsməyə qoymurmuş. Yenə saçlarının uzanmasını gözləyir. Deyir, uzanacaq, az qala yenə dizlərinə çatacaq, amma daha heç vaxt kəsməyəcəklər…
[:]