[:az]Sentyabrın 26-da Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı “İlqar Məmmədovun qrupu” adı ilə tanınan səkkiz ərizəçinin üzərindən məhkumluğun götürülməsinə və məhkəmə qərarlarının ləğvinə çağırıb.
Qrupa hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri daxildir. Onlar vətəndaş cəmiyyətinə repressiyalar zamanı Azərbaycan hakimiyyətinin təqiblərinə məruz qalıblar. İki ərizəçi – İntiqam Əliyev və Rəsul Cəfərov Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzinin (EHRAC) nümayəndəsidir.
Nazirlər Komitəsinin qərarı AİHM-in 2019-cu ilin mayında çıxardığı qərarı təkrarlayır. Qərarda deyilir ki, Azərbaycan məhkəmənin 2014-cü ildə “İlqar Məmmədov Azərbaycana qarşı” işi üzrə ilkin qərarını yerinə yetirməyib.
Azərbaycan hakimiyyəti öncə siyasi fəal İlqar Məmmədovu azad etməkdən imtina edib. İ.Məmmədov siyasi motivli ittihamla həbs edilib və sonradan mühakimə olunub. Yeddiillik həbs cəzasının beş ilini çəkdikdən sonra, nəhayət, 2018-ci ilin avqustunda azadlığa buraxılıb.
Tanınmış hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərov öz fəallıqlarına görə Azərbaycan hakimiyyəti tərəfindən təqib ediliblər. 2014-cü ildə onlar saxta ittihamlar ilə həbs olunublar.
AİHM iki ayrı halda müəyyən edib ki, onların saxlanması və həbsi siyasi motivli olub, məqsəd onların hüquq-müdafiə fəaliyyətinə görə cəzalandırmaq olub.
“Biz Nazirlər Kabinetinin Azərbaycan hökumətindən hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun barəsində ittiham hökmünün ləğv edilməsini, onların üzərindən məhkumluğun və xaricə qadağanın götürülməsini tələb edən qərarını alqışlayır”, – EHRAC hüquq məsləhətçisi Ramute Remezayte bildirib.
2019-cu il sentyabrın 13-də Azərbaycan hakimiyyəti İntiqam Əliyevin ofisini, həmçinin 2014-cü ilə onun həbsindən sonra götürülmüş sənədləri özünə qaytarıb. Lakin xaricə səfərə qadağa hələ də qüvvədədir və onun QHT-nin bank hesabı əvvəlkitək dondurulub. Bu, İ.Əliyevə və rəhbərlik etdiyi QHT-yə işləməyə imkan vermir.
R.Cəfərova gəlincə, Azərbaycan hökuməti ona xərclərə görə kompensasiyanı ödəməməkdə davam edir.
Nazirlər Kabineti Azərbaycan hakimiyyətini məhkəmə orqanlarının müstəqilliyinin artırılmasına yönələn “effektiv və hərtərəfli tədbirlər”in qəbuluna, gələcəkdə hökumət tənqidçilərinə, vətəndaş cəmiyyəti fəallarına qarşı təqib və ya həbslərə yol verilməməsinin təmin olunmasına çağırıb.
Turan[:]