[:az]Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində realliq.info saytının redaktoru İkram Rəhimovun barəsində hökmdən şikayətə baxılma prosesi başa çatıb.
Bu barədə İ.Rəhimovun yaxınları bildiriblər. Onların sözlərinə görə, apellyasiya instansiyası İ.Rəhimovun hədə yolu ilə pul tələb etməkdə təqsirli olduğunu təsdiqləyib. Lakin məhkəmə onun barəsində Cinayət Məcəlləsinin (CM) 62-ci maddəsini (qanunla nəzərdə tutulduğundan az cəza təyin etmək) tətbiq edərək həbs müddətini 5 il 6 aydan 3 ilə endirib.
Yaxınları bildiriblər ki, İ.Rəhimov son sözündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu və Mətbuat Şurasını tənqid etdiyinə görə uydurma ittihamla təqib olunduğunu iddia edib. Məhkəmə onu həbsdən azad etmədiyi halda yenidən aclıq aksiyasına başlayacağı xəbərdarlığını verib.
İ.Rəhimovun son açıqlamasına, hələlik, prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurasından münasibət almaq mümkün olmayıb.
Onun aclıq aksiyasına başlayacağı haqqında dediklərini də Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
İ.Rəhimov avqustun 7-dən sentyabrın 5-nə kimi aclıq aksiyası keçirmişdi. Bunu Penitensiar Xidmətdən də təsdiq etmişdilər. Yaxınlarının bildirməsinə görə, o, aclıq aksiyasını məhz səhhəti ağırlaşdığından xahişləri nəzərə alaraq dayandırıb.
Azadlıq Radiosu[:]