[:az]Elinanın nənəsi: “Direktor dedi ki, get, bir də mənim məktəbimə gəlmə”
162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə əlaqədar məhkəmə iclasını izləməyə gələn ictimaiyyət nümayəndələri yenə də prosesə buraxılmayıb. Məhkəmədə yalnız üç nəfər jurnalist iştirak edə bilib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə iclasında məktəbin keçmiş direktoru, təqsirləndirilən Sevinc Abbasova, Elinanın anası, zərərçəkmiş Sevil Hüseynova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və başqaları ifadə verib.
Elina əvvəl də boğazını kəsib, intihara cəhd edib
Dindirmələrdən əvvəl prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Elina məktəbin 8e sinfinin şagirdi olub. İddia edilir ki, Elina mütəmadi dərslərə gecikib, məktəbliyə uyğun olmayan geyimdə gəlib. İttiham aktına əsasən, Elina bundan öncə də intihara cəhd edib – ülgüclə boğazını kəsib. İttiham aktında həmçinin şagirdlərin Elinanı sıxışdırdığı, lakin direktor Sevinc Abbasovanın bununla əlaqədar heç bir ciddi tədbir görmədiyi, yalnız Elinanın anasına məlumat verməklə kifayətləndiyi vurğulanıb.
Hadisəyə gəlincə, ittiham aktında bildirilir ki, Elina özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra direktor vaxtında təcili tibbi yardım çağırmayıb, onun həyatını təhlükə altında qoyub.
Təqsirləndirilən S.Abbasova ittihama münasibət bildirərkən orada yazılanlarla razılaşmayıb. O, özünü təqsirli bilmədiyini söyləyib.
S.Abbasova özünü təqsirli bilmədiyinə görə öncə şahidlərin ifadələri dinlənilib.
Xalidə Bayramova: “Dedim ki, istəyirsən, səni şillələyim, özünə gəl…”
Məhkəmədə dindirilən ilk şahid Xalidə Bayramova olub. O, məktəbin keçmiş direktoru S.Abbasova ilə yaxşı münasibətləri olduğunu desə də, rəfiqə olmaları barədə məlumatları təkzib edib. O, istintaqdakı ifadəsini təsdiqləyib. Hadisə günündən danışan şahid deyib ki, aprelin 4-də, səhər saat 11-ə işləmiş məktəbin direktoru ona zəng edərək, qızlardan birinin 2-ci mərtəbədən yıxıldığını, amma yerdə qan olmadığını bildirib. X.Bayramovanın sözlərinə görə, o, dərhal icra başçısına bu barədə məruz edib, icazə alaraq məktəbə yollanıb. Elə yolda da direktora zəng edərək, polisə xəbər vermələrini və təcili yardım çağırmalarını tövsiyə edib:
“Mənə deyildi ki, “çağırmışıq”. Saat 10:24-də polis rəisi Cəmil müəllimə zəng elədim. Hadisə barədə danışanda dedi ki, xəbəri yoxdur. Mən məktəbə saat 11:01-də çatdım, kameralardan da görünür. Həmin vaxt artıq polislər məktəbdə idi. Elinanı da divanda uzandırmışdılar”.
X.Bayramovanın dediyinə görə, direktor həmin vaxt çox həyəcanlı olub. Hətta icra başçısının müavini ona deyib ki, “istəyirsən, səni şillələyim, özünə gəl”.
Özünün də təcili yardıma zəng etdiyini, bu stansiya məktəbin yaxınlığında yerləşdiyindən 4 dəqiqə sonra həkimlərin gəldiyini deyən X.Bayramovanın sözlərinə görə, həmin vaxt artıq istintaqçılar artıq dindirmə aparırdı: “İstintaqın rəisi İntiqam müəllim uşağı divanda qoyub, direktoru dindirirdi, istintaq aparırdı. Mən də bunu ona irad tutdum. Orada dedilər ki, Elina çoxlu dərman içib. Elina özü də dedi ki, “dünən 30, bu gün 60 tabletka atmışam”. Amma suallara normal cavab verirdi. Elina dərman içdiyini dediyi üçün onu əvvəlcə Toksikologiyaya apardılar. Orada zədələri görüb, “Semaşko”ya göndərmişdilər”.
X.Bayramova bildirib ki, o müddətdə özü də məktəbdəki kameraların görüntülərinə baxıb. Görüb ki, Elina sinifdən çıxaraq, birbaşa pəncərəyə tərəf gedib və özünü atıb. Elə o vaxt da məlum olub ki, özünü ikinci yox, üçüncü mərtəbədən atıb.
1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) baş həkiminə zəng etdiyini, Elinanın yanına buraxılması üçün icazə istədiyini deyən X.Bayramovanın sözlərinə görə, xəstəxanada uşağın anası Sevil Hüseynova ilə qarşılaşıb: “Gördüm ki, Elinanın anası geri qayıdır, dedi ki, onları içəri buraxmayıblar. Təklif elədim ki, birlikdə gedək. Reanimasiyaya anasını buraxmadılar, dedilər ki, əvvəlcə yuxarıya məlumat verməliyik”.
Reanimasiyada çəkiliş apardığını etiraf edən X.Bayramova deyib ki, bütün hadisələrdə bu cür davranırlar – çəkiliş edirlər ki, sonradan nəyisə aydınlaşdırmaq lazım olanda istifadə eləsinlər: “Bu məqsədlə hər şeyi çəkdim. Orada psixoloq dedi ki, uşağa psixiatr lazımdır, yoxsa sağalandan sonra yenə intihara əl atacaq. Çünki Elina psixoloqa ölmək istədiyini demişdi. Mən məktəbdə onunla danışanda da yaşamaq istəmədiyini deyirdi. Mənə dedi ki, “sinifdəki uşaqlar dəhşətdir, orada qalmaq istəmir. Hətta 86 oğlanı telefonunda bloka atdığını da dedi”.
İcra başçısının müavini deyir ki, Elina gündəliyində də ancaq ölüm haqda yazırmış: “Onun çox sevdiyi yazıçı da intihar edib…”
X.Bayramova qeyd edib ki, xəstəxanada dərman zəhərlənməsinə görə Elinanın mədəsini yuyublar, həmin vaxt o, möhkəm ağlayır, qışqırırmış, onu nəsə incidirdi. Bunları çəkəndə tibb bacısı icazə verməyək, onu çıxarıb. Reanimasiyadan çıxanda isə Elinanın ata-anasını görüb, onlarla da danışaraq videoya çəkib.
“Yenə direktora zəng elədim, dedim ki, müəllimlərini də yığıb xəstəxanaya gəlsinlər, uşağın növbəsini çəksinlər”
X.Bayramova əlavə edib ki, xəstəxanada Fazil adlı növbətçi həkim ona uşaqla bağlı narahatlığa əsas olmadığını deyərək, onları arxayın salıb: “Biz Elinanı daha yaxşı xəstəxanaya aparmaq istədik, həkimlər dedilər ki, ehtiyac yoxdur”.
X.Bayramova bildirib ki, o, Elinadan onu bu addımı atmağa kimin vadar etdiyini soruşub. Amma qız ad çəkməyib, ümumi şəkildə uşaqlardan narazılıq edib. Müəllimlər və direktordan da narazılığı olub-olmadığını soruşub, Elina onlarla da problemi olmadığını bildirib.
“Elinanın bundan öncəki hərəkətləri barədə direktorun məlumatı olmalıydı, bizə bu barədə bildirməliydi. Amma bizə heç bir məlumat verilməyib”, – deyə X.Bayramova ifadəsini tamamlayıb.
O, suallara cavab verərkən Elinanın anasına pul təklif etməsi, direktorla qohumluğu barədə yayılan xəbərlərin yalan olduğunu söyləyib.
Elinanın anası: “Onu incidirdilər, buna görə dəfələrlə direktora şikayət olunub”
E.Hacıyevanın anası Sevil Hüseynova zərərçəkmiş qismində ifadəsində bildirib ki, qızı həmin məktəbə gedəndən 2-3 ay sonra problemlər yaranıb. Anasının sözləri görə, başqa uşaqlar onu incidirdilər. Buna görə dəfələrlə özü direktora şikayət edib.
S.Hüseynova qızı 7-ci sinifdə oxuyanda baş vermiş hadisəni də danışıb: “Elina evə tez gəldi, soruşdum ki nə olub? Dedi ki, Diana ilə dalaşıb, buna görə direktor onu məktəbdən çıxarıb. Anam və bacım buna görə məktəbə getdilər, direktor onların üstünə qışqırmışdı. Bir də Elinanın sinif yoldaşı Teymurxandan şikayət etmişdik. O da Elinanı incidirdi. Elina həm Züleyxa, həm də Teymurxanla dost idi. Züleyxa Teymurxana görə Elina haqqında pis şayiələr yaymağa başladı. Hamıya deyib ki, “Elina lezbiyandı, tərbiyəsizdir, onunla heç kim danışmasın”. Bir dəfə Elinanın boğazında kəsik izi gördüm. Dedi ki, Diana ilə zarafatlaşanda divarda mismara dəyib”.
Hadisə günü barədə danışan zərərçəkmiş deyib ki, ona zəng edərək, Elinanın yıxıldığını, həkimlərin baxdığını, durumunun yaxşı olduğunu deyiblər. O, məktəbə çatanda qızını xəstəxanaya aparmışdılar. Həmin gün xəstəxanada da qızını görə bilməyib, çünki yanına buraxmayıblar. Ertəsi gün qısa müddətə onu görə bilib: “Bir dəqiqəlik icazə verdilər, onda da artıq Elinanın vəziyyəti kritik idi. Əini tutdum, reaksiya vermədi. Heç nə hiss eləmirdi”.
Anası deyir ki, həmin vaxt Elinanın sinif rəhbəri və sinif yoldaşının anası içəridə idi: “Onları buraxmışdılar, məni yox”.
S.Hüseynova X.Bayramova ilə xəstəxanada görüşməsindən də danışıb: “Xalidə Bayramova dedi ki, heç nəyi yoxdur, yaxşıdır. Aprelin 5-də bizə demişdilər ki, bir gün sonra palataya köçürəcəklər”.
Zərərçəkmiş istintaq zamanı təqsirləndirilən S.Abbasova ilə üzləşməsinə də toxunub. Bildirib ki, üzləşmədə sabiq direktor günahı olduğunu, peşmançılıq hiss keçirdiyini söyləyib: “Dedi ki, “günahım var, peşmanam, amma günah təkcə məndə deyil”.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Sadiq Bağırov zərərçəkmişə suallarını ünvanlayıb. S.Hüseynova da onları cavablandırıb. Məsələn, vəkil soruşub ki, Elina məktəbə saçları boyanmış, forma geyinmədən gəlirdi, bunun qarşısını almaq üçün hansısa addım atmışdımı?
Elinanın anası deyib ki, məktəbdə saçları boyalı olan təkcə onun qızı deyildi. Həm də buna görə heç kim ona irad bildirməyib.
Geyimə gəlincə, S.Hüseynova deyib ki, məktəbin xüsusi geyim forması olmayıb.
Anası Elinanın yayılan şəkilləri və videolarından da danışıb. Bildirib ki, Elinanın hamamda köynəyinin düymələri açıq formada şəkli olub və onu rəfiqəsi Züleyxaya göndərib. Züleyxa da başqa oğlanlara göndərib. Sonradan həmin şəkillə Elinanı şantaj ediblər.
Qızının özünə qapanan uşaq olduğunu, döyüş, intihar barədə filmlərə baxdığını deyən S.Hüseynovanın sözlərinə görə, Elina həm də tez əsəbiləşirdi.
Vəkil deyib ki, Elina gündəliyində ailəsinin, anasının onunla maraqlanmadığını yazıb. Anası isə bunu təkzib edib, gündəlikdə belə bir yazı görmədiyini bildirib. Əlavə edib ki, istintaqda gündəliyin bəzi səhifələri cırılıb.
Anası deyir ki, bu hadisədən öncə də Elina bir dəfə məktəbdə özünü atmaq istəyib, lakin Diana mane olub. Direktor isə o zaman da, boğazını kəsəndə də heç bir orqana məlumat verməyib.
Elinanın nənəsi: “Direktor məni qovdu, sənədləri üstümə atdı”
Elinanın nənəsi Solmaz Əsgərova da məhkəmədə dindirilib. Deyib ki, nəvəsini incidirdilər, buna görə şəxsən özü dəfələrlə direktora şikayət edib, lakin heç bir tədbir görülməyib. S.Əsgərova iddia edib ki, hətta sonuncu dəfə direktor onu qovub: “Dedi ki, “get, bir də mənim məktəbimə gəlmə. Elinanın sənədlərini də üstümə atdı”.
Nənəsinin sözlərinə görə, məktəbin psixoloqunun nəvəsi də Elinanı çox incidirdi. Bu barədə də direktora şikayət edib: “Direktor dedi ki, “o uşağın nənəsi təzəlikdə ölüb, ona bir söz deyə bilmərəm”. Başqa bir qız sevdiyi oğlan Elinaya baxmışdı deyə, onun başına su tökmüşdü. Bundan da şikayət elədim. Dedi ki, “o qızın şəkli şərəf lövhəsindədir, ona bir söz deyə bilmərəm”.
Direktor isə S.Əsgərovanı qovması, sənədləri üstünə atması barədə deyilənləri təkzib edib. Digər məsələlərlə isə tərbiyə işləri üzrə müavininin məşğul olduğunu söyləyib.
Daha sonra məhkəmədə Səbail Rayon Polis İdarəsinin əməkdaşları, Elinanın xalası Arzu Əliyeva, onun iki qızı, məktəbin direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva dindirilib.
Məhkəmə sentyabrın 19-da davam edəcək.
Meydan TV[:]