[:az]Seymur Həzi azadlıqda[:]

tərəfindən Gozetci

[:az]Bu gün, avqustun 29-da jurnalist Seymur Həzi azadlığa çıxıb. Onun 5 illik həbs müddəti bu gün tamamlanıb.

Jurnalistin azadlığa çıxması xəbərini, fotosunu “facebook” sosial şəbəkəsində dostları, yaxınları paylaşıblar.

“Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı və redaktoru olmuş S.Həzi 2014-cü il avqustun 29-da həbs edilib.

Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edib və özünü təqsirli bilməyib. Deyir ki, M.Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib. S.Həzi həbsinin səbəbini “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələri, “Azərbaycan saatı” proqramındakı çıxışlarıyla əlaqələndirib.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi əqidəsinə, baxışlarına görə heç kəsin cəza çəkmədiyini deyir.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Seymur Həzi ilə bağlı qərarını elan edib.

Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi.

Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az