[:az]“Polisə aparıblar, döyüblər, əşyalarını evə göndəriblər”[:]

tərəfindən Gozetci

[:az]Xırdalan sakini Qorxmaz Əliyev ötən ay icra nümayəndəliyinə gedərək qəbirüstü abidələrin dağıdılmasına etiraz edəndə də döyülmüşdü

“Dünən polisə aparırlarmış. Həmin vaxt yanında olan qonşuyla evə xəbər göndərdi ki, əgər gecə saat 12-yə kimi buraxmasalar, mütləq medianı məlumatlandırım. Saat 12-yə yaxın polisdən buraxıldı. Polisdə tapşırmışdılar ki, səhər saat 10-da yenə şöbədə olsun. Bu gün də mənə eyni tapşırığı verib getdi. Polis şöbəsinin qarşısına gedən dostları indicə gəldilər, telefonunu, saatını gətirdilər”.

Xırdalan sakini Zeynəb Əliyeva Meydan TV-yə bildirib ki, həyat yoldaşı Qorxmaz Əliyev avqustun 25-də Abşeron Rayon Polis Şöbəsinə aparılıb. Gecə saatlarınadək orada saxlanıldıqdan sonra buraxılıb. Avqustun 26-da səhər saat 10 radələrində, o, yenə Abşeron Rayon Polis Şöbəsinə gedib. Ancaq bu dəfə şöbənin qarşısına toplaşan dostlarına bildirilib ki, Qorxmaz Əliyev buraxılmayacaq. Şöbə işçiləri ona məxsus əşyaları ailəsinə çatdırılması üçün dostlarına verib. Dostları ailəsinə bildiriblər ki, Qorxmaz şöbədə möhkəm döyülüb və məhkəməyə çıxarılması üçün hazırda polis şöbəsində sənədləşmə işləri aparılır.

Qorxmaz Əliyev kimdir?

Qorxmaz Əliyev iyulun 25-də Meydan TV-yə müraciət etmişdi.

Bildirmişdi ki, həmin gün o, Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhəri üzrə icra nümayəndəliyi yerli bələdiyyə ilə əlbir olaraq Xırdalan qəbiristanlığında digər millətlərdən olan mərhumların qəbirüstü abidələrini sökür, abidələri təmizləyərək bölgələrdə ucuz qiymətə satır, üstəlik, abidələrin boş qalmış yerlərini də qəbiryeri kimi satır. O, həmin gün bu məsələyə aydınlıq gətirmək, həmçinin, bununla bağlı verdiyi ərizəyə cavab almaq üçün Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhəri üzrə icra nümayəndəliyinə gedib. Dediyinə görə, icra nümayəndəsi Rafiq Yusubov onu söyərək təhqir edib, işçiləriylə birləşərək döyüb və binadan çölə atıb. Qorxmaz Əliyev icra nümayəndəsinin hərəkətlərindən polisə şikayət edib.

İki gün əvvəl yenə Meydan TV-yə üz tutmuşdu

Avqustun 24-də Qorxmaz Əliyev yenə Meydan TV ilə əlaqə saxlayıb və bildirib ki, prokurorluq cinayət işi başlanmasını rədd edib: “Mənə şifahi olaraq bildirildi ki, döyülməyin təsdiqini tapmayıb, icra nümayəndəliyinin işçiləri deyiblər ki, sən özün özünə xəsarət yetirmisən. İndi bunlar çalışırlar ki, məni hər yolla susdursunlar. Hətta hər an həbs olunacağımı da hiss edirəm. Çünki danışıqlarından görürəm ki, hər şeyi özümə qarşı çevirməyə cəhd edirlər. Bununla belə, mən bu işdən əl çəkən deyiləm. Prokurorluqdan qərarı alan kimi vəkillə müqavilə bağlayacam. Bu işi hüquqi müstəvidə sonadək davam etdirəcəm. Bu yaxınlarda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova da məni yanına çağırdı, dedi, “ağıllı ol”. Mənsə bidiridim ki, dağıdılmış qəbirüstü abidələr bərpa olunmayınca, bunu edənlər cəzalandırılmayınca “ağıllı olmayacam”. Mən tək deyiləm, Xırdalan sakinləri qəbirsanlıqdakı biabırçılığın dayandırılmasını, cinayətkarların cəzalandırılmasını tələb edirlər. Bu tələblə bir neçə dəfə icra hakimiyyətinin qarşısına toplaşmışıq, indi yenə yığışmışıq, biabırçılıq bitməyincə həm icra hakimiyyətinin, həm də polis şöbəsinin qarşısına toplaşacağıq, başqa əlacımız qalmayıb”.

Abşeron Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Qorxmaz Əliyev hazırda polis şöbəsindədir. Ancaq onun hansı səbəbdən şöbədə saxlanıldığı bildirilməyib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az