[:az]Gəncə işində həbs olunanların valideynləri yürüşə çıxıb[:]

tərəfindən Gozetci

[:az]

azadlıq radiosu

Bu gün, avqustun 21-də ötən il Gəncədə baş verən olaylarda həbs edilən və məhkəməsi gedən şəxslərin bəzilərinin yaxınları etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar Bakıda «Şəhidlər xiyabanı» ərazisindən Prezident Administrasiyasının önünə yürüş etmək istəyiblər.

Etiraz edənlər əllərində «Ya oğlumu azad et, ya da məni tut» sözləri yazılmış plakatları tutaraq, uşaqlarının heç bir günahı olmadan həbs olunduğunu vurğulayıblar. «Orada (Gəncədə – red.) uşaqlar nə ediblər ki? Əlində qılınc yox, avtomat yox, daş yox, taxta yox, heç nə yoxdur uşaqların əlində. Mənim oğlum skameykada oturub. Buna görə adama 8 il iş verirlər?», – aksiya iştirakçılarından biri vurğulayıb.

Şikayətçilər bildiriblər ki, səlahiyyətli orqanların nümayəndələri onlara narahat olmamağı, hər şeyin yaxşı bitəcəyini desələr də, 13 aydır Bakının küçələrində çarəsiz qalıblar.

«Bu nə haqsızlıqdır? Plan də bəlli, öldürən də, sifarişçilər də. Bu hamısı dövlətin «məmurları» arasında olan kürsü davasıdır. Bizim balalarımız isə bu oyunun qurbanıdırlar. Bu dövlətdə bizim yaşamağa hüququmuz yoxdursa, balalarımız kimi, bizi də həbs etsinlər», – başqa bir aksiya iştirakçısı söyləyib.

Aksiyaçılar ölkə prezidentindən «Gəncə işi»ndə ədalətin bərqərar olmasını istəyiblər.

Onlar hakimiyyətə yaxın bəzi kütləvi informasiya vasitələrində bu olayların işıqlandırılmasının məzmununa da etirazlarını bildiriblər. Şikayətçilər qeyd ediblər ki, həbs olunanların bəziləri barəsində məhkəmə qərarı, hələlik, qüvvəyə minməyib: «Belə olan halda onları cinayətkar adlandırmaq qanunaziddir».

Polisin müdaxiləsi
Əraziyə cəlb olunmuş polis əməkdaşları yolu kəsərək yürüşə imkan verməyiblər. Aksiyanın bir iştirakçısı Sevinc Hüseynova saxlanıb, amma bir müddət sonra buraxılıb.

Aksiyanın sonunda şikayətçilərin ikisini Prezident Administrasiyasında qəbul ediblər.

Bundan əvvəl avqustun 14-də də onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Prezident Administrasiyasının önünə toplaşmışdılar. Hər iki qurumda qəbulda olan şəxslərin sözlərinə görə, onlara şikayətlərinin araşdırılacağı vədi verilib.

Aksiyaya cəhdlə bağlı Daxili İşlər Nazirliyindən (DİN) isə, hələlik, münasibət almaq mümkün olmayıb. Nazirlikdən, bir qayda olaraq, bildirilir ki, şəhər rəhbərliyi ilə razılaşdırılmayan aksiyaların qarşısı qanunauyğun formada alınır.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az