[:az]Binəqədi Rayon Məhkəməsi araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın barəsində sınaq müddətinin dayandırılması ilə bağlı xahişini təmin etməyib.
Korrupsiya faktlarının araşdırılması ilə tanınan X.İsmayılova 2014-cü ilin dekabrında həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 il müddətinə mühakimə edilib. 2016-cı ilin mayında Ali Məhkəmə onun real həbs müddətini beş il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib. 2016-cı ilin avqustunda Bakı Apellyasiya Məhkəməsi sınaq müddətini dəyişməyərək şərti cəzanın müddətini 2 il 3 ayadək azaldıb.
Avqustun 9-da Binəqədi Rayon Məhkəməsi sınaq müddətinin dayandırılması və məhkumluğun ləğvi ilə bağlı X.İsmayılovanın müraciətinə baxıb. İşə Abbas Rzayevin sədrliyilə baxılıb.
X.İsmayılova Facebook səhifəsində yazıb ki, ona təyin edilən cəza müddəti bitib. Bundan əlavə, 2015-cı il noyabrın 25-dən hesablanan beşillik sınaq müddətinin yarıdan çoxu bitib. O, bütün bunları nəzərə alaraq sınaq müddətinin dayandırılmasını və məhkumluğun götürülməsini xahiş edib.
Lakin Binəqədi Rayon Məhkəməsi onun “islah olunmadığını” hesab edərək müraciəti təmin etməyib. Halbuki, məhkəmə qərarlarının icrası orqanı belə rəy verməyib.
Sınaq müddəti X.İsmayılovanın hər ay Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyatdan keçməsini nəzərdə tutur və xaricə səfəri qadağan edir.
X.İsmayılova məhkəmənin qərarının siyasi motivli və araşdırmaçı-jurnalist fəaliyyətini davam etdirməsi ilə bağlı olmasını hesab edir.
Jurnalist diqqəti ona yönəldib ki, onun barəsində sınaq müddətinin dayandırılmasından imtina edildiyi gün Ali Məhkəmə baş nazirin müavini Əli Həsənovun nəvəsini, ağır yol qəzası törədərək iki nəfəri öldürən, digər iki nəfəri yaralayan şəxsi azad edib.
Qeyd edək ki, bundan öncə Vergilər Nazirliyi jurnalistə qarşı sanksiya tətbiq edərək onun bank hesablarını bağlayıb
Turan[:]