[:az]Tarixi binanın bəzi sakinləri köçmək istəmir[:]

tərəfindən Gozetci

[:az]

Foto: Azadlıq Radiosu

Bakıda Mirzağa Əliyev küçəsi-150 saylı ünvanda yerləşən və sökülməsi gözlənən 3-mərtəbəli, 43-mənzilli tarixi binanın bəzi sakinləri mənzillərini tərk etməkdən imtina edir. Onlar bunu verilən vəsaitin az olması ilə izah edirlər.

Bu barədə sakinlər AzadlıqRadiosuna bildirdilər. Bəzi sakinlərin sözlərinə görə, mənzillərin sahəsi balacadır və bu üzdən verilən vəsait (hər kvadratmetrə 1500 manat) azdır. «Biz çıxmağa razıyıq. Özümüz də burada yaşamağa qorxuruq. Mənə cəmi 30 min pul verirlər. Bu pula nə ala bilərəm? Keçən həftə icra başçısı Eldar Əzizov gəlmişdi. Bizə dedi ki, niyə narazılıq edirsiniz? Belə şey olar?», – sakinlərdən biri AzadlıqRadiosuna söyləyib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən isə «Turan» agentliyinə bildiriblər ki, sözügedən bina hər an uça bilər. Qurumdan vurğulandığına görə, 1889-cu ildə tikilmiş binanın istismar müddəti bitib. İcra hakimiyyətindən onu da deyiblər ki, hələ 1989-cu ildə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə bina qəzalı hesab edilib və oradakı sakinlərin köçürülməsinə başlanıb: «Həmin il binadan 23 ailə köçürülüb, sonradan isə ora, əsasən, məcburi köçkünlər məskunlaşıb. Buna görə binanın sökülməsi işləri təxirə salınıb. Keçən 30 il ərzində binada vəziyyət daha da ağırlaşıb. Bu da sakinlərin həyatı və onların əmlakı üçün ciddi təhlükə yaradır».

Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovəlavə edib ki, dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanıb: «43 ailədən 25-i dövlət tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçüblər. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina edib».

O qeyd edib ki, indi binadakı ailələrdən 6-sı məcburi köçkündürlər. İ.Kərimovun sözlərinə görə, onlara Qobuda məcburi köçkünlərdən ötrü inşa olunan yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilib: «Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq, iki mənzil təklif olunub. Lakin bu vətəndaşlar… tutduqları mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər».

Mətbuat xidmətinin rəhbəri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sakinlərlə görüşünə də toxunub. Onun sözlərinə görə, E.Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin təcili köçürülməsinin vacibliyini vurğulayıb:

«Həmçinin, bildirilib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız, qəzalı vəziyyətdə olması ilə əlaqədardır. Vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq, şəhər üzrə maksimum həddə müəyyən edilib. Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk edib».

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, əgər insanlar özləri və yaxınlarının həyatının təhlükədə olduğunu başa düşmək istəmirlərsə, bu zaman qanuna uyğun qaydada məcburi şəkildə köçürülmə tətbiq edilə bilər.

Bu bina Bakıda söküntüsü davam edən tarixi «Sovetski» adlanan əraziyə düşür. Amma bundan əvvəlki söküntülər bu binadan yan keçib.

Xatırladaq ki, Bakının «Sovetski» deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri böyük ölçüdə sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az