[:az]
Rafiq Təmrazov: ”Məlumatlara əsasən, ona qarşı başqa istintaq hərəkətləri həyata keçiriləcək”
Bu yaxınlarda Hollandiyadan Azərbaycana deport edilən və polisə müqavimət adıyla inzibati qaydada həbs edilib 30 sutka həbs cəzası alan Natiq İsbatovun durumunun yaxşı olmadığı bildirilir.
Bu barədə DAS təşkilatının koordinatoru Rafiq Təmrazov məlumat yayıb.
R.Təmrazov bildirir ki, müxtəlif mənbələrdən alınan məlumatlara əsasən, Natiq İsbatovun inzibati cəzası başa çatdıqdan sonra ona qarşı başqa istintaq hərəkətləri həyata keçiriləcək:
“Ailə üzvləri daha ağır cəzanın olmasından çəkindiklərindən ictimaiyyətə və mətbuata heç bir açıqlama verməsələr də, 24 iyul 2019-cu il tarixdə keçirilən Apelyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra N.İsbatovun qardaşı, siyasi mühacir Anar İsbatzadə sosial şəbəkədən məlumat paylaşıb”.
Anar İsbatzadənin “Facebook” hesabında yazdığına görə, qardaşı küçədə inzibati ictimai asayişi pozmaqda, söyüş söyməkdə və bu zaman polisin qanuni tələbinə məhəl qoymamaqda ittiham edilir:
“Məhkəmə iclasında Natiq İsbatov bildirib ki, 12 iyul 2019 tarixində təxminən 17:00 radələrində yaşadığı evin qarşısında velosiped təkərinə hava doldurduqdan sonra 3-4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər. O isə səbəbini soruşanda bölmədə izah edəcəklərini bildirmişlər. Bildirdiyi kimi, o, heç kimə qarşı söyüş söyməmiş, ucadan danışmamış və polis əməkdaşlarına hər hansı müqavimət və tabesizlik göstərməmişdir”.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin və Daxili İşlər Nazirliyinin İnzibati Saxlanma Məntəqəsindən çıxanların verdiyi məlumatlara istinad edən R.Təmrazov deyir ki, həm məhkəmədən əvvəl polis bölməsində, həm də inzibati saxlanma yerində onun qarşısına Hollandiyadakı aksiyalarda çəkdirdiyi, xüsusilə bloger Orduxan Temirxanla olan video və şəkilləri qoyublar və bunlara görə ona qarşı təzyiq, təhdit və işgəncə veriblər.
Apelyasiya məhkəməsinə aparılan zaman N.İsbatov jurnalistin sualına cavab olaraq özünü günahkar saymadığını bildirsə də, son vəziyyətilə bağlı verilən suala cavab verməyib.
Natiq İsbatov Holandiyadan Azərbaycana deport edildikdən bir neçə gün sonra saxlanılıb və ona qarşı Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarıyla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 30 (otuz) gün müddətinə inzibati həbs edilib.
Meydan TV[:]