[:az]Vaxtilə deputatlığa namizəd olmuş Xalidə Şirəlizadə indi təqsirləndirilən şəxs kimi hakim önünə çıxarılıb. Qardaşı Firdovsi Şirəliyev və Suiddin Məmmədovla birgə mühakimə edilən keçmiş namizəd CM-in 178-ci (dələduzluq) maddəsi ilə suçlanır. Bu üç şəxs işə düzəltmək və başqa adlarla adamları aldadıb, pullarını ələ keçirməkdə günahlandırılır.
Cinayət işi araşdırılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, həmin məhkəmə onu araşdırmaqdan imtina edib. İyulun 23-də keçirilən məhkəmədə Cavid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası işin yenidən istintaqa qaytarılmasına qərar verib. Səbəb – istintaq dövründə qanun pozuntularına yol verilməsidir.
«Bir gündə o qədər işi görmək mümkün deyil»
Məsələn, müstəntiq göstərib ki, istintaq yekunlaşandan sonra cinayət işinin materiallarını Bakı İstintaq Təcridxanasına aparıb. Orada 6 saat ərzində F.Şirəliyev materiallarla tanış olub. Ancaq təcridxanadan alınan arayışdan üzə çıxıb ki, həmin gün müstəntiq təcridxanada cəmi 10 dəqiqə qalıb.
«Heç 10 dəqiqə də olmadı. Gəldi, mənə dedi ki, «bura qol çək». İstədim ki, orada nə yazıldığını oxuyum. Əlimdən aldı. Çıxıb getdi. Mənim işimlə bağlı istintaq getməmişdi, heç kimlə üzləşdirilməmişdim. Mən bu vəziyyətdə işin məhkəməyə verilməsinin əleyhinə idim», – təqsirləndirilən F.Şirəliyevin sözləridir.
X.Şirəlizadə özünü təqsirli bilmir, cinayət işində adı keçən adamlardan təkcə qardaşını tanıyır. Ancaq onu istintaq vaxtı heç kimlə üzləşdirməyiblər.
«Cinayət işinin materiallarından görünür ki, müstəntiq Nicat Nayıbov təkcə bir gündə 21-səhifəlik müxtəlif sənədlər hazırlayıb. Guya həmin gün ayrı-ayrı cəzaçəkmə müəssisələrinə də gedib, təqsirləndirilən şəxsləri, vəkilləri protokolla tanış eləyib. Bu qədər istintaq hərəkətini bir gündə eləmək fiziki cəhətdən mümkün deyil», – X.Şirəlizadənin vəkili Emil Bədəlov belə deyib.
İşin təkrar istintaqa qaytarılması təşəbbüsü də bu vəkildən gəlib. Onun bu barədə vəsatətini prokuror da müdafiə edib. Prokurorun çıxışında Nizami Rayon Polis İdarəsinin müstəntiqi N.Nayıbovun cəzalandırılması məsələsi də əksini tapıb.
Hakimlər də işi istintaqa qaytarmaqla yanaşı, həmin müstəntiqin haqqında xüsusi qərar çıxarıb. Bu qərara əsasən, prokurorluq müstəntiqin əməlinə hüquqi qiymət verməlidir.
Təqsirləndirilən üç nəfərdən ikisi daha öncə də məhkum edilib. F.Şirəliyev Bakı Hərbi Məhkəməsinin hökmüylə 3 il 6 ay, S.Məmmədovsa Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar hələ o cəzalarını çəkib qurtarmayıblar.
X.Şirəlizadə isə həbsdə deyil, istintaq dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam alınıb. Bu qadın 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.
Azadlıq Radiosu[:]