[:az]Jurnalist Sevinc Abbasova (Vaqifqızı) ilə 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarova arasında məhkəmə çəkişməsi davam edir. E.Alandarova iddia edir ki, jurnalist 2018-ci ilin aprelində keçirilən prezident seçkisi vaxtı onu müxtəlif seçki məntəqələrində çəkib, videonu «Azadlıq» qəzetinin saytında, Meydan TV-də «Direktor müavini «karusel»ə nəzarət edir» başlığıyla yayımlamaqla ona böhtan atıb, işgüzar nüfuzuna zərbə vurub.
E.Alandarova özü məhkəməyə gəlmir, onu həyat yoldaşı Rasət Qasımov təmsil edir. İyulun 11-də Binəqədi Rayon Məhkəməsində hakim tərəflərdən aralarında barışığın mümkünlüyünü soruşub. R.Qasımovun barışıq üçün şərti belə olub: «Sevinc Abbasova yoldaşımla bağlı məlumatların yalan olduğunu etiraf etsin, üzr istəsin…».
S.Vaqifqızı cavabında deyib ki, səhvə yol versəydi, bunu edərdi, amma indiki halda üzr istəməyəcək: «Mən doğrunu dediyimə görə dünya dağılsa da, üzr istəmərəm. Mən seçki saxtakarlığında iştirak edən adamdan niyə üzr istəməliyəm? Videodan da görünür ki, bu adam «karusel»də iştirak edən müəllimlərə nəzarət edir, onları yönəldir. Müəllimlər səs verib, çıxıb həyətdə dayanıb gözləyirdilər. Yaxınlaşıb soruşdum ki, kimi və ya nəyi gözləyirsiz? Bunu görən Elmira Alandarova tez gəlib onları məktəbin həyətindən çıxardı. Bir qədər sonra o müəllimlər yenə qayıtdı. Bu dəfə də mənim çəkdiyimi görən Elmira Alandarova onları aparıb mühafizəçinin otağına saldı…».
«Öz aralarında vacib söhbətləri vardı»
S.Vaqifqızı bildirir ki, E.Alandarovanın heç bir səlahiyyəti olmadığı halda seçki məntəqələrini gəzib. Həyat yoldaşı isə deyir ki, E.Alandarovanı seçki günü məktəbin direktoru çağırıb, həyətdəki bağçaya, əşyalara nəzarət etməsini istəyib. Seçki məntəqəsində çəkilmiş görüntülərinə gəlincə, R.Qasımov həyat yoldaşının kofe içmək üçün məktəbin yeməkxanasına getdiyini deyir.
O, E.Alandarovanın müəllimləri mühafizəçinin otağına salmasına isə belə münasibət bildirib:
⁃ Öz aralarında vacib söhbətləri vardı.
⁃ Söhbətləri seçki gününə qalmışdı? Həmin gün heç iş günü də deyildi.
⁃ Seçki günü sizin üçün qeyri-adi gündür. Şou düzəltmək üçün…
Məhkəmədə jurnalistin vəkili Zibeydə Sadıqova MSK-dan seçki günü 251 saylı məktəbdə yerləşən məntəqələrdə videokameraların çəkdiyi görüntülərin alınması barədə vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.
S.Vaqifqızının vəsatəti isə sözügedən məntəqələrdə səsvermə prosesini izləmiş seçki müşahidəçisinin dindirilməsi barədə olub. Bu məsələnin müzakirəsi avqustun 5-nə təyin olunmuş növbəti məhkəmə iclasına saxlandı.
E.Alandarova iddiasında S.Vaqifqızının və videonu yayımlamış media orqanlarının üzr istəməsini, jurnalistin 2500 manat kompensasiya ödəməsini istəyir.
Xatırlatma
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.
Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.
Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də, seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin olunmadığını, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.
Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.
Azadlıq Radiosu[:]