[:az]2018- ci ilin iyul ayının 10- da Gəncədə baş vermiş məlum hadisələrdən 1 il ötsə də bu günə qədər həmin hadisələrlə bağlı maraqlı və önəmli bir sıra suallara hələ də aydınlıq gətirilməyib. Xeyli ziddiyyətli və şübhəli məqamlar var. Məsələn, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi atəş açıb yaraladıqdan sonra polis bölməsində saxlanılan Yunis Səfərovun qan içində, ölümcül vəziyyətdə fotoları polis bölməsindən kimlər tərəfindən hansı məqsədlə ictimaiyyətə paylaşıldığı bu günə qədər məlum deyil. Niyə istintaq orqanları hadisələrin sonrakı inkişafına bir başa təsir göstərən bu vəziyyəti araşdırıb səbəbkarlar haqqında ölçü götürmədi? Eləcə də həmin fotoların yayılmasından sonra naməlum şəxslər və mənbələr tərfindən 10 iyula Gəncədə icra hakimiyyətinin önünə “Yunis Səfərova azadlıq” adı ilə şübhəli mitinq təyin olundu. Və mitinqə çağırışla bağlı bir çox Gəncə şəhər sakinlərinin vatçap nömrələrinə çağırışlar göndərildi. Niyə polis orqanları bu günə qədər razılaşdırmamış mitinq təyin edən və insanların vatçap nömrəsinə çağırış göndərənlərin şəxsiyyətini müəyyənləşdirib onları məsuliyyətə cəlb etməyib?
Maraqlıdır ki, “Gəncə işi” ilə bağlı məhkəmədə sərbəst ifadə verən Kəpəz rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları və digər polislər öz ifadələrində qeyd ediblər ki, 10 iyul 2018- ci ildə Gəncədə İcra hakimiyyətinin inzibati binasının qarşısında qanunsuz mitinq və işğişaşların ola biləcəyinə dair rəhbərlik tərəfindən onlara öncədən məlumat verilib, lazımi təlimatlandırma işləri aparılıb. Polis şöbələrində gücləndirilmiş iş rejimi elan olunub, polis heyəti hazır vəziyyətə gətirilib. Amma həmin gün səhər saatlarından başlayaraq bütün silahlar, hətta xidməti tabel silahlar və qoruyucu vasitələr polislərdən alınıb (!?). Polis polkovniki İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilərkən polislər bildirdi ki, onlardan 70- 100 metr kənarda olublar və faktiki olaraq onları meydana tək, silahsız buraxıb köməksiz qoyublar. Çox maraqlıdır ki, vəzifəli 2 polis əməkdaşının öldürüldüyü, birinin yaralandığı hadisə zamanı qətlin törədicisi Rəşad Böyükişiyev əlində xəncər asanlıqla meydana daxil olur və işini görüb asanlıqla da çox saylı polislərin yanından sərbəst şəkildə hadisə yerindən çıxıb gedir. Polislər onu və digər hadisə iştirakçılarını- hansı ki, onlar indi həbsdədir- niyə hadisə yerində həbs etməyiblər və ya buna cəhd göstərməyiblər?
Digər tərəfdən necə ola bilir ki, həmin gün meydanda 50- dən çox şəxs iğtişaş törətməkdə, polisə daş- kəsək, dəyənək atmaqda ittiham olunur, amma heç bir digər polis əməkdaşı həmin gün ciddi xəsarət almayıb? Niyə polis polkovniki İlqar Balakişiyev və Səməd Abbasov meydana tək və köməksiz vəziyyətdə buraxılır? Niyə mitinq və iğtişaşların olacağını öncədən bilən Gəncə Polis İdarəsinin 100- lərlə əməkdaşı polis polkovniki İlqar Balakşiyevi və Səməd Abbasovu əlində bıçaq olan bir nəfərdən qoruya bilmir və ya qorumağa lazımi səviyyədə cəhd etmir? Verilən ifadələr və hadisənin hazırlanan ssenarisi daha çox o təəssüratı yaradır ki, ölən polis əməkdaşları bu hadisələr zamanı sanki bilərəkdən və ya bilməyərəkdən qurban verilib…
Məhkəmədə verilən ifadələrdən aydın olur ki, hadisənin qızışma səhnələrindən biri qarşıdurmadan öncə bəzi çarşablı qadınların meydanda polislərə qab- qacaq və çaynik atması olub. Maraqlıdır, hadisə yerində olmayanlar həbs olunub Cinayət Məcəlləsinin 15- 23 maddəsi ilə ittiham olunduğu halda hadisə yerində təxribat yaradan, xuliqanlıq edən həmin qadınlar və ya qadın paltarı geyinmiş şəxslər niyə məsuliyyətə cəlb olunmayıb? Onları ora kim göndərib?
“Gəncə işi” ilə bağlı dövlət ittiham aktında qeyd olunur ki, hadisə yerindən 9 ədəd daş parçası və 14 ədəd saxsı qırıqları tapılıb. Sual yaranır; necə olur ki, 70 nəfərdən çox təqsirləndirilən şəxslər haqqında “zərərçəkmiş” polislər bildirir ki, onlar polisə daş, saxsı qırıqları atıb, axı bunlar sayca adam başına uyğun gəlmir? Bundan əlavə onu da nəzərə almaq lazımdır ki, saxsı qırıqları bir qabın atılması zamanı parçalanmasından da yarana bilər. Həmçinin “zərərçəkmiş” polislər və şahidlər məhkəmə zalında dindirilərək hamısı qeyd ediblər ki, boşqab və qab-qacaq meydanda olan çarşab geyimli qadınlar tərəfindən atılıb. Bəs hanı o qadınlar? Bəlkə o çarşab altında qadınlar deyil, kişilər qizlənib və onlar da aranı qızışdırıb təxribatın təşkilatçılarından olub? Bəs Rəşad Böyükkişiyev nə üçün sağ tutulmayıb, öldürülübdür? Kim və nəyin ört- basdır olunmasına çalışıb?! Nə üçün 8 nəfər istintaq və məhkəmə önünə çıxaırlmadan qətlə yetirildi? Doğurdanmı onları sağ ələ keçirmək mümkün olmayıb? Onları sağ ələ keçirmək üçün hansı qabaqlayıcı və təhlükəsizlik tədbirləri görülüb? Niyə bu günə qədər həmin şəxslərin öldürülməsi ilə bağlı əməliyyat şəkilişi ictimaiyyətə təqdim olunmayıb? Onların qatı cinayətkar olmasını təsdiq edən sübutlar niyə bu günə qədər ictimaiyyətə təqdim edilməyib? Eləcə də əməliyyat zamanı Azərbaycanda olmayan Ağa Sərxanı nəyə görə qətlə yetirildi və niyə ötən 1 ildə onun nəşi dəfn olunmaq üçün hələ də ailəsinə təhvil verilməyib?
Qeyd: Məhkəmə prosesində hadisə zamanı lentə alınmış video çəkilişlər nümayiş etdirilərkən də aydın olur ki, Rəşad Böyükkişiyev polislərə tək başına hücum edib. Ona heç kim yaxından, uzaqdan kömək etmir. Meydanda ondan savayı heç kimin əlində silah olmayıb. Eləcə də onun əlində xəncər meydanda hərəkət etməsini, polislərə hücum çəkməsini digər polis əməkdaşları ya görməməzliyə vurur, ya da ona mane olmur, bəziləri isə sadəcə ona tamaşa edir və ərazidən uzaqlaşır.
Maraqlıdır ki, Rəşadın cinayət törətməsinə şərait yaradan polis əməkdaşları (video görüntüdə onlar açıq şəkildə görünür- red.) bu gün də vəzifədədirlər. Öz vəzifəsini lazım olan məqamda və məkanda icra etməyən polis əməkdaşları vəzifə başındadır, amma hadisələri polislərlə bərabər müşahidə etdiyinə görə onlarla günahsız şəxs həbsdədir…
Gəncə hadisələri ilə bağlı xeyli açıq suallar var. Bütün bu suallara hakimiyyət orqanları cavab verməli olduğu halda onlar günahı həbs olunanlarda görür və həmin şəxsləri dini radikallar hesab edirlər. Amma “Gəncə işi” ilə bağlı həbs olunanların böyük əksəriyyəti dindar deyil. Hətta onların dindar olması da günahkar olmaları üçün əsas sayıla bilməz. Və həbs olunanların çoxu öncədən iddia edildiyi kimi “mütəşəkkil dəstə” deyil, məhkəmə zamanı biri- birilərini tanıyıblar.
Aidiyyatı qurumlar yuxarıda qeyd olunan suallara cavab verməlidir. Həbs olunan şəxslərə ağır işgəncə verən vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hazırda məhkəməsi gedən, günahı sübuta yetirilməyən şəxslər azad edilməli, onlara bəraət verilməlidir. Yunis Səfəro daxil olmaqla konkret cinayət əməli törədənlərin isə istintaqi və məhkəməsi ədalətli, şəffaf aparılmalıdır. Elmar Vəliyevin icra başçısı işlədiyi zaman yol verdiyi qanunsuzluqlar araşdırılıb haqqında ölçü götürülməlidir.
Turan[:]