[:az]Vaqif Məmmədov: “Bunlara peşəkarlar deyil, avaralar, büdcəni dağıdanlar, çapıb-talayanlar lazımdır”
“Oğlum Xalid Məmmədzadə və dostu Novruz Heybətov əsgərlikdə olarkən, Xüsusi Təyinatlı Qoşunların xidmət kursuna qəbul edildilər. Kursu bitirdikdən sonra onları Göytəpəyə, N hərbi hissəyə göndərərək, işlə təmin etdilər. Uşaqlar həmin hərbi hissədə bir sıra neqativ hallarla rastlaşırmışlar və hər dəfə də etirazlarını bildirirmişlər. Oranın rəisi Tofiq Muradov da bunlara deyirmiş ki, sizə cinayət işi açıb, tərxis etdirəcəyəm. Axırda hər ikisini də şərləyib, işdən çıxardılar”.
Bu sözləri Meydan TV-yə Astara rayonu, Ərcivan kənd sakini Vaqif Məmmədov deyir. Onun sözlərinə görə, oğlu Xalid Məmmədzadə və dostu Novruz Tofiq oğlu Heybətovun həyatı bir anda məhv olub:
“Cavan oğlanlardır, 23 yaşları var, fanatlıq dərəcəsində vətənpərvərdirlər. Şərləyib, xidməti uyğunsuzluq damğası vuraraq tərxis etdilər. Tərxis etsinlər, amma 156-cı maddə ilə deyil. Həmin hərbi hissəni açıb, döndəriblər bazara. Xüsusi kurs keçməyənləri, həmçinin kimin tanışı varsa salırlar ora. Sabah da desinlər ki, orada xidmət edib, xüsusi təyinatlıdır, oranın çəkisi var. Bizim uşaqlar döyüşçülərdir, onları məcbur edirmişlər ki, gedin, yeni gələn əsgərlərlə bir yerdə yatın. Deyirmişlər ki, səhər saat 6-da hərbi hissədə olun. Bunlar axı döyüşçüdür, dövlətlə müqavilə bağlayıb, işləyirlər. Azərbaycan ordusunun hansı vəziyyətdə olduğunu hamımız bilirik. Uşaqları digər xoşagəlməz işlərə yönəltmək istəyiblər, alınmayıb. Bunlara əsas həmin o Tofiq Muradov ilişirdi. Uşaqlar ikisi də altı ay xüsusi kurs keçiblər, “Cəhənnəm həftəsi” görüblər. Həmin kurslara beş yüz nəfər yığılır. Axırda otuz nəfər qəbul olunur. Gənclər bir neçə gün qalıb, sonra qaçırlar, ağır şərtlərə tab gətirə bilmirlər. “Cəhənnəm həftəsi” fiziki hazırlıq cəhətdən xüsusi çətinliyi ilə fərqlənir, gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir. Yəni deməyim odur ki, hər oğul ilan-qurbağa yeməyə, fiziki, mənəvi zülmlərə dözməz. Keçmiş peşəkarlardan kimdən soruşuramsa, deyir ki, 156-cı maddə hərbçini ömürlük ləkələməkdir. Bu uşaqlar neyləsinlər, terrorçulara, oğrulara qoşulsunlar? Peşəkarlardır, bütün silahlardan məharətlə istifadə edirlər. Xüsusi kurs keçmiş döyüşçünü hazırlamaq üçün nə qədər vaxt və pul lazımdır”.
“Ötən ilin dekabrında komandirlə aralarında insident yaranıb. Bunların ikisini də yollayıblar Bakıya, beş günlük həbs ediblər”, – deyə şikayətçi əlavə edir:
“Həbsdən qayıdan kimi də işdən azad etdilər, üstəlik, 156-cı maddə ilə. Bu uşaqlar indi hətta cangüdən də işləyə bilməzlər. Tutalım, bunlar xüsusi təyinatlılara yaramır, amma Daxili Qoşunlara, Silahlı Qüvvələrə, Sərhəd Xidmətinə, Hərbi Dəniz Qüvvələrinə yarayır. Bu adamlar döyüşçüdür, dövlət onlara xərc çəkib. Türkiyədən, Rusiyadan xüsusi təlimçilər gəlib, onlara təlim keçilib. Bunlara peşəkarlar deyil, avaralar, büdcəni dağıdanlar, çapıb-talayanlar lazımdır. Uşaqlar deyiblər ki, bizi erməni ilə 20 metrlik təmas xəttinə göndərin, 156-cı maddə ilə tərxis etməyin, onlara heç qulaq asmayıblar. Bizə demişdilər, onlar tərxis olunmayacaqlar, 2021-ci ilədək müqavilələri vardı. Mayda iki teleqram vurmuşam. Heç cavab da gəlməyib. Bu ayın 4-də ölkə başçısına təkrar müraciət etdim. Uşaqlar özləri də Prezidentə müraciət ediblər ki, başqa yerə köçürülsünlər. Hələ ki, heç bir cavab yoxdur. Bunlar döyüşçülərdir, pomidor əkən, yaxud balıq tutan deyillər”.
Vaqif Məmmədovun oğlu Xalid Məmmədzadə Meydan TV əməkdaşına deyir ki, insident əsnasında dostu ilə birlikdə ikisi də özlərinə xəsarət yetirmək istəyiblər:
“Tofiq Muradov hərbi hissənin komandiriydi. O, bir-iki dəfə üstümə qışqırdı, mən də eyni cavabı qaytardım. Gördü ki, məni əzə bilmir, başladı, başqa yollara əl atmağa. Tofiq Muradov gedib-gəlib, psixoloji-mənəvi gərginlik göstərirdi. İnsident yaşandı, biz bədənimizə xəsarət yetirdik, özümüzü yandırdıq. Bizi beş günlük həbs edib, Bakıya göndərəndə qolumdakı yanığı görməmişdilər. Çünki bizə hərbi baxış keçirilmədi. Bakıda tibb məntəqə rəisi bədənimizdə xəsarəti gördü. Hadisəni həmin hərbi hissədə ört-basdır etmək məqsədilə, yalandan raport yazıblar ki, guya həbsdən qayıdandan sonra bədənimə baxış keçirilən zaman yanıqları aşkar ediblər. Sonra da məlum olduğu kimi əmrimizi verib, bizi tərxis etdilər”.
“Peşəkar döyüşçülərik, altı ay kurs keçmişik. Hər adam o kursu keçə bilmir. Bizi ləkələyib, tərxis etdilər. Üstümüzə elə bir maddə qoyublar ki, ixtisasımız üzrə işə girə bilmərik. Başqa yerə köçürülməyimizlə bağlı neçə dəfə müraciət etsək də, qulaq asmadılar. İndi neyləyək, harada işləyək? Hansı işə düzələk?”, – deyə Meydan TV əməkdaşı ilə söhbətində Novruz Heybətov bildirib.
Meydan TV-nin məsələ ilə bağlı Müdafiə Nazirliyinə göndərdiyi rəsmi sorğu cavablandırılmayıb.
MEYDAN TV[:]