[:az]’Tərtər işi’nə görə etirazlar davam edir[:]

tərəfindən Gozetci

[:az]Mayın 27-dә «Tərtər işi»nә görə hәbs olunan və o işlə bağlı istintaq müddətində öldürüldüyü bildirilən hərbi qulluqçuların valideynləri Azərbaycan Hərbi Prokurorluğun qarşısına toplaşaraq şikayətlərini ifadə ediblər.

Aksiya iştirakçıların sözlərinə görə, uşaqlarına qarşı qaldırılmış cinayət işi əsassız olub. «Manim oğlumu sübutsuz, dəlilsiz incidiblər, işgəncə veriblər. Mən prezident İlham Әliyevlә görüşmək istəyirəm», – aksiya iştirakçıların biri bildirib.

«Əsgərlərə işgəncə verib komandirlərin üzünə durğuzublar. Komandirlәrә isə ondan da artıq işgəncə veriblər ki, vətənə xəyanət etdiklərini etiraf etsinlər. Amma heç bir xəyanət olmayıb», – başqa valideyn deyib.

Etirazçılar bildiriblər ki, uşaqları günahsızdır və prokurorluq bunu qismən etiraf edib. «Bizə prokurorluğun müstəntiqi dedi ki, «biz qaş düzəltmək istəyirdik, göz çıxartdıq». Bizə deyirlər ki, istintaqda səhv edə bilərdik. Gedin Ali Mәhkәmәyә müraciət edin».

Həmin valideynlər bundan əvvəl də bir neçə dəfə Prezident Administrasiyası qarşısına toplaşaraq etirazlarını dilə gətirmişdilər.

Aksiya insidentsiz başa çatıb. Amma bu deyilənlərə, hələlik, Hərbi Prokurorluqdan, Baş Prokurorluqdan və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Azərbaycan rəsmiləri polisdə və ümumilikdə istintaq altında tutulan şəxslərə işgəncə verilməsi ilə bağlı şikayətləri əsasən düzgün saymırlar. Onların fikrincə, belə şikayətlər həqiqətdən uzaq iddialardır.

Xatırlatma
Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti 2017-ci ilin mayında birgə bəyanat yaymışdı. Bəyanatda yazılırdı ki, xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub. Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək, Ermənistan tərəfinə ötürüblər. Açıqlamada Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı vurğulanırdı. Amma həbs edilənlərin sayı açıqlanmırdı.

Elə bundan az sonra bəzi media orqanlarında dövlətə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı. Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərlərinin Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq aldıqları bildirildi. Həmin redaktorların bildirməsinə görə, onlara xəbərdarlıq edilib ki, orduda baş vermiş «xəyanət» barədə istintaq başa çatmamış isbatını tapmayan məlumatların dərc olunması yolverilməzdir.

Rəsmi qurumlar bu işdə hakim önünə çıxarılanlar və məhkəmə qərarları ilə bağlı da məlumatlar yaymayıblar. Valideynlərin bildirməsinə görə, istintaq zamanı həlak olan keçmiş hərbçilərin bəzilərinin sonradan günahsızlığı üzə çıxıb. Məhkəmə zamanı isə bir çox hərbi qulluqçuların 5 ildən 15 ilə qədər həbs cəzaları aldığı bildirilir.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az