[:az]”Polis rəisindən şikayət etdim deyə, məni döydülər”[:]

tərəfindən Gozetci

[:az]”Məni o qədər döymüşdülər ki, əynimdəki paltarlarım da cırıq-cırıq idi”

“İcra hakimiyyətinə etdiyim şikayətə görə haqsız yerə həbs edilib, döyülmüşəm”.

Kürdəmirin M. Ə. Rəsulzadə küçəsinin sakini Tural Əzizov belə deyir. O, başına gələnləri Meydan TV ilə bölüşüb.

Rusiyada, atasının yanında çalışan Tural, deportasiya edildikdən sonra Kürdəmirə, anasının və ailəsinin yanına qayıdıb. Deyir, bir müddət müxtəlif yerlərə iş üçün də müraciət edib, tapa bilməyib. Ailəsi ilə birgə birtəhər, çətinliklə dolanırlar. Anası xadiməlik edir, ayda 70 manat alır, atasının da göndərdiyi azca pulla birtəhər ayı başa vururlar.

“Vallah mən kasıb, öz halında yaşayan biri idim. Ta ki, icra hakimiyyətinə iş və bəzi gördüyüm qanunsuzluqlar üçün gedənəcən. Həm özümə iş istəyirdim, həm də polis özbaşınalığından şikayət etdim. Dedim, yeni gələn polis rəisindən sonra rayonda özbaşınalıq və narkotik satışı baş alıb gedir. Şikayətimdən 4 gün keçməmiş məni evdən götürdülər. Polis işçiləri məni yaxşıca əzişdirdilər, xəstəxanalıq oldum,”- Tural Əzizov deyir.

T. Əzizov kəllə-beyin travması aldığını iddia edir. Bundan sonra bir müddət xəstəxanada yatıb. Deyir, xəstəxanada da ona yaxşı baxmayıblar. Çirkli döşəkdə yatırdıblar. Nəticədə yarasına miktob düşüb, çirk edib:

“Nə isə uzun müddət yaram sağalmadı. Bundan sonra Asan Xidmətin qarşısında baş həkimlə rastlaşdım. Dedim, belə olmaz, məni sağaltmaqdansa, daha da pis günə qoydunuz. Çox normal sözümü deyirdim. Bu zaman yenə məni tutub, polisə apardılar ki, guya baş həkimi küçənin ortasında söymüşəm. Ay tövbə, belə bir şey olmayıb. Bu zaman mənə 15 sutka həbs cəzası verdilər”.

T. Əzizov iddia edir ki, həbsdə yatdığı hər gün polis əməkdaşları tərəfindən döyülüb, təhqir edilib. Ailəsi, anası barədə xoşagəlməz sözlər söylənib:

“Allahın döşəyini də verməmişdilər. 15 gün quru yerdə yatdım. Məni o qədər döymüşdülər ki, əynimdəki paltarlarım da cırıq-cırıq idi. Həbsdən buraxıldığım gün rəis məni maşınına mindirdi. Sürücüsünə də tapşırdı ki, məni bazara aparıb geyim alsın. Belə də oldu. Məni bazara apardı, ayaqqabı, köynək, şalvar, gödəkçə və s. aldırdı. Həmin vaxtdan özümə gələ bilmirəm. Ağrılar və başıma gətirilənləri düşündükcə, özümdən çıxırdım. Hətta bir dəfə özümə qəsd də etdim. Bıçaq xəsarəti yetirdim. Yenə bir müddət xəstəxanada yatmalı oldum”.

Tural Əzizov deyir ki, bu gün sırf haqlı danışdığı üçün polis tərəfindən incidilir:

“Rayonda narkotik baş alıb gedir. Özbaşınalıqlar artıb. Bunu deməmi həzm edə bilmədikləri üçün mənim başıma oyun açırlar. Özü də hər həbs edəndə əllərimi qandallayıb məni o ki var, çırpırlar. Sizi inandırım ki, heç iti mənim kimi döymürlər. İndi həkimlər də təsdiq edir, beynimdə problem var, gözlərim zəifləyib. Gör məni nə vəziyyətə salıblar ki, özümü bıçaqlamışam. Bundan o tərəfi var? İndi də səsimi çıxaran kimi deyirlər ki, bu dəfə maskalıları çağıracağıq, səni basdıracağıq içəri”.

Tural Əzizov deyir ki, başına gətirilənlər azmış kimi hələ bu yaxınlarda evlərinə məhkəmə sənədi də gəlib. Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi Samir Məhərrəmov onu məhkəməyə verib:

“Guya mən onun şərəf və ləyaqətin, işgüzar nüfuzuna zərbə vurmuşam. Məndən ondan üzr istəməmi və vurulan mənəvi zərərə görə 10 min manat ödəməmi istəyir. Əksinə, həbs olunduğum vaxt onlar mənim qucaqdakı qızıma qədər söyüblər. Mən onları məhkəməyə verməkdən, onlar məni veriblər. Belə də ədalətsizlik olar?”

Kürdəmir Rayon Məhkəməsindən Meydan TV-yə bildirilib ki, bəli, belə bir iddia ərizəsi icraata götürülüb. İş üzrə ilk hazırlıq iclası isə martın 27-nə təyin edilib. Lakin tərəflər məhkəmədə iştirak etmədiyindən iclas baş tutmayıb.

Tural Əzizov başına gələnlərlə bağlı Respublika Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə məktubla müraciət edib. Deyir, yerli polis onun məktublarının Bakıya, ünvana getməsinə mane olub:

“Məktublarımı elə buradaca, poçtdan götürüb məhv ediblər. Mənim səsimin aidiyyatı qurumlara çatmaması üçün əllərindən gələni edirlər. Qalmışam çarəsiz, pis vəziyyətdə. Bilmirəm rastlaşdığım bu haqsızlılqla bağlı hara müraciət edim. Hara çıxıb gedim, onu da bilmirəm. Bir köhnə, yarıtikili evimiz var, o da Kürdəmirdədir. Mənim getməyə də yerim yoxdur. Görün də, özbaşınalıqdır və haqqı deyən birinin başına hansı bəlaları gətirirlər”.

Meydan TV Kürdəmir Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bu barədə danışmaq səlahiyyətlərinin olmadığını söyləyiblər:

“Bizim mətbuata açıqlama vermək səlahiyyətimiz yoxdur. Uzun zamandır ki, bu, bizə qadağan edilib. Ona görə nəsə deyə bilmərik”.

Daxili İşlər Nazirliyindən isə bu barədə məlumat almaq mümkün olmayıb.

Kürdəmir Mərkəzi Xəstəxanasından isə bildirilib ki, il ərzində xəstəxanaya o qədər müraciətlər olur ki, hamısı yadda qalmır:

“Xəstənin adını, soyadını deyirsiz, ancaq biz müraciət edən hər xəstənin adını əzbərləyə bilmərik. Ola bilər ki, belə bir adam bizdə müalicə alıb. Ancaq biz sizə dəqiq deyə bilmərik. Axtarmağa da vaxt yoxdur. O qədər iş-güc var ki…”.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az