[:az]Milli Şuraya yenə ‘yox’ dedilər[:]

tərəfindən Gozetci

[:az]Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 20-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə müsbət cavab verməyib.

Bu barədə AzadlıqRadiosuna quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib.

İlham Hüseyn deməsinə görə, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə icazə verilməməsinə səbəb kimi vurğulayıb ki, Milli Şuranın bu il yanvarın 19-da baş tutmuş mitinqi ilə bağlı qanunverciliyin tələbləri pozulub.

“Bakı Şəhər İcra Hakimiyyətinin bu addımı Konstitusiyada təsbit olunan sərbəst toplşamaq hüququnu saymamaqdır. Bundan əlavə, bu addım həm də hakimiyyətin islahatlar aparması barədə dediklərinin imitasiyadan başqa bir şeyin olmamasının təsdiqidir” – deyə İlham Hüseyn vurğulayıb.

Bundan əvvəl Milli Şuradan AzadlıqRadiosuna bildirmişdilər ki, aksiyada əsasən “Siyasi məhbuslara azadlıq”, “Korrupsiya və talana yox” şüarlarını səsləndirib, uşaqlara aylıq müavinətin verilməsi məsələsini gündəmə gətirmək niyyətindədirlər.

Hakimiyyət rəsmiləri isə, ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Hakimiyyət rəsmiləri üstəlik, korrupsiya ilə bağlı tənqidləri də qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə var.

Azərbaycanda 2006-cı ildən ünvanlı sosial müavinətlərin verilməyə başlanması ilə uşaqlara aylıq müavinətlərin ödənilməsi dayandırılıb.

Xatırlatma

BŞİH bu il bundan əvvəl Milli Şuranın düz 4 dəfə aksiya istəyinə müsbət cavab verməyib.

Qurum bu cavablarını Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin aksiyanın gerçəkləşdiyi məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırmışdı.

Milli Şura da, öz növbəsində, bunu bəhanə sayaraq mitinqə icazə verilməməsini hakimiyyətin kütləvi aksiyalardan çəkinməsi kimi izah etmişdi.

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi.

O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi.

Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı.

Bloqer ittihamı qurama sayırdı.Yanvarın 22-də Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Mehman Hüseynov martın 2-də azadlığa çıxıb.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az