[:az]Muzdla çalışanların sayı artıb[:]

tərəfindən Gozetci

[:az]İqtisadçı: “Zərbə bütünlüklə ölkənin qeyri-neft sektoruna dəyib”

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz artaraq 1523,8 min nəfər olub. Onlardan 862,8 min nəfəri dövlət sektorunda, 661,0 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda belə deyilir. Rəqəmlər 2019-cu il fevralın 1-dək olan vəziyyəti əhatə edir.

Məlumatda deyilir ki, muzdla işləyənlərin 21,9 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bununla yanaşı 2019-cu ilin yanvarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 557,2 manat olub. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

İqtisadçı Nemət Əliyev deyir ki, 30 min nəfər işçinin hesab-dəftərini də qoltuğuna verib işdən atıblar bayıra. İki ayda minlərlə insan daimi iş yerini itirib və daimi əmək haqqı almaq imkanlarından məhrum edilib:

“İş yerlərini itirənlərin hamısı da muzdla çalışanlar olub, yəni daimi əmək haqqı alırdılar. İşdən çıxarılanların 25 min 300 nəfəri dövlət sektorunda, 4 min 500 nəfəri isə özəl sektorda çalışıb. Zərbə bütünlüklə ölkənin qeyri-neft sektoruna dəyib. Nəticədə muzdla çalışan işçilərin sayı 2019-cu il fevral ayının 1-nə olan məlumata görə, 1523,8 min nəfərə düşüb. Halbuki, 1 dekabr 2018-ci il tarixə olan vəziyyətə görə bu göstərici 1553,6 min nəfər olmuşdu. Bu ilin yanvar və ötən ilin dekabr ayları ərzində işçilərin sayı 2 faizə yaxın azalıb”.

İqtisadçı deyir ki, gerçək islahatların nəticəsi belə olmamalıdır, ola bilməz. Əgər görülən tədbirlər daimi iş yerlərinin itirilməsi və əhali gəlirlərinin azalması ilə müşayiət olunursa, bunu islahat kimi ictimai fikrə təqdim etmək absurddur.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu da həmişə açıqlamalarında bildirir ki, açıqlanan statistik məlumatlar dövlət rəsmilərinin daim yeni iş yerlərinin yaranması barədə dediklərini, bir sözlə, işsizliklə bağlı açıqlamalarını inkar edir:

“Bu azalma 2018-ci ildə Azərbaycanda 118 min daimi iş yerlərinin yaradılması ilə bağlı açıqlamaların əsassız olduğunu bir daha təsdiq edir. İqtisadi göstəricilər arasında asılılığa görə, yeni iş yerlərin açılması əhalinin gəlirlərinin artımını təmin etməlidir. Çünki iş yerlərində ödənilən əmək haqları əhalinin başlıca gəlir mənbəyidir, bu halda, iş yerləri artıqca, əhalinin nominal gəlirləri də artmalıdır”.

Rəsmi sənədlərdə və dövlət məmurlarının çıxışlarında daim ölkədə yeni iş yerlərinin yaradıldığı, işsizlərin sayının hər il aşağı düşdüyü bildirilir.

Məsələn, belə sənədlərdən birində bildirilir ki, 2004-2018-ci illər ərzində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb. 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

İqtisadçılar daim açıqlamalarında açılan iş yerləri, işsizlik və yoxsulluq səviyyəsi ilə bağlı rəqəmlərə ciddi şübhə edirlər. Deyirlər ki, açılan müəssisələr haqqında statistika verilsə də, bağlanan müəssisələr ilə əlaqədar rəqəmlər açıqlanmır.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az