[:az]Şahid: ”Necə oturmağımıza belə, Fikrət müəllim nəzarət edirdi”
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin qanunsuz yollarla ölkəyə dərman gətirməsi, Azərbaycanda Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən onların satışı və istifadəsilə bağlı məhkəmə araşdırmaları davam edir.
Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə keçirilən prosesdə şahidlər dindirilib. İlk şahid Mərkəzi Gömrük Hospitalının mühasibi Elnurə Novruzlu olub. O bildirib ki, gün ərzində kassaya yığılan pulu axşam Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəis müavini, indi isə təqsirləndirilən şəxslər arasında olan Fərman Məmmədliyə verirdi. Çünki hospital bu idarənin nəzdində idi. Hospitala da elə idarərinin rəhbərliyində olan şəxslər nəzarət edirdi.
Şahid bildirib ki, hospitaldakı gündəlik gəlir heç vaxt tam rəsmiləşdirilməyib: “Mən pulu gün sonunda alırdım, Fərman müəllimə təqdim edirdim. Xəstələrin siyahısını da verirdim. Şəhər isə Fərman müəllim mənə həmin siyahını verirdi. Siyahıda rəsmiləşdiriləcək adların qarşısına işarə qoyulurdu. Mən də həmin siyahı üzrə rəsmiləşdirmə aparırdım”.
E.Novruzlu qeyd edib ki, gündəlik gəlirin ən çox 30 faizi rəsmiləşdirilib: “Bunu da idarə rəisinin göstərişi ilə edirdik”.
F.Məmmədlinin vəkili Gülşən Salmanova şahiddən soruşub ki, DGK-nın Tibb Xidməti İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyevdən xəbərsiz hansısa iş görmək olardımı? E.Novruzlu deyib ki, hospitalda bütün işlər idarə rəsinin nəzarəti altında həyata keçirilib.
E.Novruzlu hospitalda “Silinmə Komissiyası” olduğunu da söyləyib: “Mən niyə həmin komissiyanın üzvü olduğumu bilmirəm. Amma sənəd gələndə imza atırdıq. Həmin siyahıda xəstələrə verilən dərmanlar var idi”.
Təqsirləndirilən F.Məmmədli şahiddən soruşub ki, hospitalda işlər kimin nəzarətilə həyata keçirilirdi? E.Novruzlu bütün işlərə idarə rəisi F.Qədiməliyevin nəzarət etdiyini deyib.
F.Qədiməliyev də təqsirləndirilən şəxsdir, lakin həbsdə deyil. F.Məmmədlinin vəkili ondan şahidin dediklərini təsdiqləyib-təsdiqləmədiyini soruşub: “Şahid dedi ki, hər işə siz nəzarət etmisiniz. Amma siz ötən iclasda bu işlərdən xəbərsiz olduğunu deyirdiniz. Bu haqda nə deyə bilərsiniz?”
General bu suala cavab vermək istəməyib. Deyib ki, istintaqda ifadə verib.
Daha sonra Mərkəzi Gömrük Hospitalında xəzinədar işləmiş İltizam Hüseynəliyev ifadə verib. O bildirib ki, xəstələrdən aldığı pulun qarşılığında onlara qəbz verib. Günün sonunda isə pulları mühasib Elnurə Novruzluya təqdim edib.
O da bildirib ki, hospitalda hər şeyə F.Qədiməliyev nəzarət edirdi: “Necə oturmağımıza belə, Fikrət müəllim nəzarət edirdi. Elə vaxt olurdu ki, kameradan baxıb, gecə saat 4-də zəng edirdi ki, o necə oturmaqdı?”
Məhkəmədə hospitalın digər xəzinədarı Rəna Məmmədova, Rəna Hacıyeva, Aynurə Şirinova da dindirilib. Onlar da eyni məzmunlu ifadələr verərək, xəstələrə ödəniş qarşılığında qəbz verdiklərini deyiblər. Bildiriblər ki, sığortası olan xəstələr qəbz tələb edəndə onlara qəbz verilib. Müştəri istəməyəndə ona qəbz təqdim edilməyib.
Məhkəmə prosesi davam edir.
Təqsirləndirilən şəxslərin ikisi – Fikrət Qədiməliyev və Elnur Məmmədov həbsdə deyil.
Bu cinayət işi ilə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilirdi ki, hava limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq, təqsirləndirilən şəxslərdən Anar Məmmədova məxsus yaşayış sahəsində ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108 min 819 manat müxtəlif dərman vasitələri aşkar edilib. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.
Araşdırmalarla üzə çıxıb ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsi, bu yolla dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil ediblər. Bunun da müqabilində hər yükün ümumi dəyərinin 25 faizi qədər haqq alıblar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
MEYDAN TV[:]