[:az]Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin həbsindən verilmiş şikayəti təmin etməyib.
Xatırladaq ki, Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Bir neçə gün əvvəl, həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.
Sentyabrın 28-də Yasamal rayon məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Vəkil Cavad Cavadovun Turan-a verdiyi məlumata görə, İbrahim Apellyasiya Məhkəməsində təhqiqatda iştirak edib və deyib ki, yeni ittiham da əvvəlkilər kimi tamamilə uydurmadır. Onun saxladığı iddia olunan bıçağın onunla heç bir əlaqəsi yoxdur.
Müdafiə tərəfi həbs qərarından Strasburq Məhkəməsinə şikayət hazırlamağı planlaşdırır. Bundan başqa, vəkil qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət hazırlayacaq.
Məhkəmə binası qarşısında İbrahimin bir qrup tərəfdarı yığışıb. AXCP lideri Əli Kərimli bildirib ki, İbrahimə qarşı yeni ittiham irəli sürülməsi hakimiyyətin repressiyanı davam etdirmək niyyətini göstərir.
“Gəncə hadisələri göstərdi ki, hakimiyyət siyasətlə əlaqəsi olmayan insanlara qarşı da amansız repressiyalar həyata keçirir. Gəncədə 70-dən çox insan həbs edilib, 6 nəfər öldürülüb”, deyə Kərimli bildirib. Onun fikrincə, repressiyaları yalnız kütləvi vətəndaş fəallığı ilə dayandırmaq olar.[:]