[:az]Bəyanat: “Vəkillərin verdikləri açıqlamalara görə cəzalandırılması…[:]

tərəfindən Gozetci

[:az]“Vəkillərin qanunlar, ədalətli mühakimə, insan haqlarının inkişaf etdirilməsi və qorunması ilə bağlı mövzularda ictimai müzakirələrə qatılma haqqı var. Hüquqşünaslar ədalət mühakiməsi ilə bağlı düşüncələrini dürüstlük və məhkəməyə saygı ilə bağlı bəlli sərhədləri aşmamaq şərtilə ictimaiyyətə çatdırmaq haqqına sahibdirlər”.

Vəkillər Əsabəli Mustafayev və Nemət Kərimlinin fəaliyyətlərinin 1 illiyə dayandırılması barədə Azərbaycan Vəkillər Kollegiyasının qərarı haqda Beynəlxalq Hüquqşünaslar Komissiyasınin (İnternational Commission of Jurists – İCJ) bəyənatında belə yazılır.

Sənəddə vəkillərin ifadə azadlığı hüququ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) təməl prinsiplərinə, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarına istinadlar edilib.

Əsabəli Mustafayevlə Nemət Kərimlinin müdafiə etdikləri şəxsin hüquqlarının qorunması ilə bağlı verdikləri açıqlamalara görə, cəzalandırıldığını ifadə edən qurum vəkillərin lisenziyasının ləğv edilməsindən narahat olduğunu vurğulayıb. Təşkilat hesab edir ki, vəkillərin lisenziyalarının insan haqları pozuntularına diqqəti çəkməkdən ötrü verdikləri açıqlamalara görə alınması onların ifadə azadlığı haqqını poza bilər.

“Vəkillərin müştərilərinin hüquqlarını qorumaq üçün verdikləri açıqlamaların peşəkar məsuliyyət hüdudları içində olduğu görünür. Xüsusilə, hüququn üstünlüyü və ədalət müahkiməsi ilə bağlı məsələlərdə vəkillərin ifadə azadlığı hüququnun önəmi vurğulanmalıdır. Bu hüquq sadəcə, vəkillər baxımından deyil, eyni zamanda insan haqlarının qorunması baxımından, önəmli bir vəzifədir”, yazılan sənəddə Vəkilər Kollegiyasının sözü gedən qərarının vəkillərin ifadə azadlığı ilə bağlı Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə zidd olduğu ifadə edilib.

İCJ Azərbaycan Vəkillər Kollegiyasına da üz tutub. Sənəddə vurğulanıb ki, kollegiya vəkillərin ifadə azadlığı hüququna müdaxiləyə imkan verən intizam tədbirlərini aradan qaldırmalıdır.

Bu bəyanata Azərbaycan Vəkillər Kollegiyasından, hələlik, münasibət almaq mümükn olmayıb

Vəkillər Kollegiyasının Rəyasət Heyəti aprelin 23-də Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətlərinin bir illik dayandırılması barədə qərar qəbul edib.

Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bu vəkillər baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırıldıqlarını bildiriblər.

Hər iki vəkil AzadlıqRadiosuna açıqlamalarında Vəkillər Kollegiyasının qərarının əsassız olduğunu deyiblər. Onlar vurğulayıblar ki, cinayət işlərini siyasiləşdirməkdə ittiham ediliblər.

Bundan əvvəl yanvarın 22-də vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti Rüstəm Usubovun müraciəti əsasında bir illik dayandırılıb.

Vəkil demişdi ki, buna səbəb hüquqlarını müdafiə etdiyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ona ünvanlanmış ittihamlara cavabını mətbuata verməsi göstərilib.

Ondan əvvəl -2017-ci il noyabrın 20-də vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə müraciət edilməsinə qərar verilib.

Məhkəmə müraciəti təmin edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması haqda şikayətinə görə açıqlaması ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinin müraciəti əsasında cəzalandırılıb. Penitensiar Xidmətin rəhbərliyi hesab edir ki, vəkil məlum açıqlaması ilə onların nüfuzuna xələl gətirib.

Vəkillər Kollegiyasından uzaqlaşdırılanlar arasında adları sadalananlarla yanaşı, Xalid Bağırov, Əlayif Həsənov, Aslan İsmayılov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları da var.

Vəkillər Kollegiyasının rəhbərliyi isə siyasi işlərə çıxan vəkillərin cəzalandırılması barədə fikirlərlə razılaşmır.

Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirmişdi ki, cəzalandırılan vəkillər qanun pozuntularına yol veriblər.

Üstəlik, Kollegiya rəhbərliyi bəyan edib ki, onlar heç də vəkillərin mətbuata açıqlama verməsinə qarşı çıxmırlar.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az