[:az]Azərbaycanda mayın 28-də Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd edildi.
Yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar prezident İlham Əliyevin xüsusi sərəncamı da var.
Bunun fonunda müxalif düşərgədən olan şəxslərin yubiley tədbirlərində fəallığı hakimiyyət tərəfdən birmənalı qarşılanmayıb.
Belə ki, “Facebook” sosial şəbəkəsində yaradılan qrup vasitəsilə vətəndaşlar Cümhuriyyət banilərinin şərəfinə Bakının mərkəzində İstiqlaliyyət küçəsində qoyulan abidəni ziyarət etmək təklifi edildi.
Təklifə qoşulan yüzlərlə insan abidəni mayın 28-də ziyarət etdi.
Bayram gününün səhərisi, mayın 29-da aksiyanın təşkilatçılarından biri ReAL partiyasının məclis üzvü Azər Qasımlı Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edildi.
Azər Qasımlı polisin qanuni tələbinə tabe olmamaqda ittiham olundu.
Mənbənin bildirdiyinə görə, hazırda Azər Qasımlı Yasamal Rayon Polis İdarəsininn 24-cü bölməsində saxlanılır.
Mayın 30-da daha bir ReAL üzvü Elmir Həmzə 25 sutkalıq həbs edilib. Ərəstun Baxşəliyev isə hazırda Yasamal Rayon Polis İdarəsindədir.
Bir çox fəallar, hüquq müdafiəçiləri Azər Qasımlının həbsini mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlə əlaqələndirir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azər Qasımlının həbsini qanunsuzluq adlandırıb.
Bu barədə Meydan TV-yə danışan Novella Cəfəroğlu deyib ki, insanlar küçələrə çıxıb bayram edirdilər və hər şey çox gözəl təşkil olunmuşdu:
“Buna görə Azər Qasımlının həbsi heç cür anlaşılmır və müəmmalıdır. Bayram əhval-ruhiyyəsi yaratmaq məgər təhlükə yaradır, heç nə başa düşmürəm”.
Hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, hakimiyyətin əfv sərəncamı, Cümhuriyyətin 100 illiyinə göstərdiyi münasibət imitasiya cəhdi olduğunu təsdiqlədi:
“Nəhayət, şəhərin mərkəzində bayram tədbirinin spontan yürüşə çevrilməsinə əsəbləri dözmədi və qurulmuş bir sistemin cavabı ilə nəticələndi. İkinci element isə bayram tədbirinə çoxlu adamın qatılması idi, hakimiyyət 200-300 nəfərlik say gözlədiyi halda fərqli mənzərə yarandı. Nəzərə alın ki, tədbirin şəhərin mərkəzində keçirilməsi ciddi amildir. Həm də polisin təxribatlarına sakit münasibət də hakimiyyəti qıcıqlandırmışdı. Ona görə son həbslər gözləniləndir, bu həbslər insanları qorxutmamalı, fərqli çıxış yollar axtarılmalıdır. Onsuz da aksiyaya qatılanlar onları nə gözlədiklərini bilirdilər”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin qənatincə, Azər Qasımlının həbsi yalnız 28 may bayram yürüşü ilə bağlı deyil.
O, hesab edir ki, uzun müddətdir şəhərin mərkəzində bu cür tədbirlər keçirilmirdi.
“Mayın 28-də bayram tədbirində ReAL partiyası daha mütəşəkkil və kollektiv şəkildə iştirak edirdi, fəallıqları da sezilirdi. Azər Qasımlı da bu qrupa liderlik edirdi. Hakimiyyət ReAL-ın tədbirə bu formada qatılmasına barışmaz yanaşdı, çünki formalaşdıqları qadağaların pozulmasına yönəldiyindən həzm edə bilmirlər”.
Anar Məmmədli deyir ki, hakimiyyət ölkədə siyasi fəallığın artmasının qarşısını almaq üçün mütləq kimisə həbs etməliydi.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev hakimiyyətin heç bir formada insanların fəallaşmasına, dəyərlər uğrunda mübarizə aparmasını həzm edə bilmədiyini hesab edir:
“Şübhəsiz ki, ReAL partiyasının rəhbərlərindən olan Azər Qasımlının 30 sutka azadlıqdan məhrum edilməsi məhz 28 may yürüşü ilə əlaqədardır. Bu, onu göstərir ki, hakimiyyət Cümhuriyyət dəyərlərini qəbul etmir və bu dəyərlərin daşıyıcılarına, təbliğatına qarşı aqressivlik göstərir. Hakimiyyət ümumiyyətlə insanların sərbəst şəkildə aksiya keçirməsini, fəallıq göstərməsini qəbul etmir və aksiyalarda cümhuriyyət dəyərləri qabardılanda daha aqressiv olurlar. Elə Azər bəyin həbsi aqressivliyin göstəricisi sayıla bilər”.
ReAL partiyasının məclis üzvü Natiq Cəfərli “Facebook” sosial şəbəkəsindəki profilində Azər Qasımlının həbsinə toxunaraq yazıb ki, bu sistem pozitivliyi qəbul etmir və oyun qaydaları, bütün münasibətlər neqativ üzərində qurulub.
“Bayram əhvalı, gülərüz insanlar və etiraz elektoratı – bu sistem üçün çox təhlükəli mənzərədir.
Mayın 28-də məhz belə mənzərə idi – bayram əhvallı, kreativ gənclik, gülə-gülə əl yelləyən potensial etirazçı insanlar, ailə üzvləri ilə birgə qəlbinin səsini dinləyib Cümhuriyyəti anmağa gələn yeni nəsil. Sizcə hökumət bunu sakitcə həzm edə bilərdimi?! Təbii ki, yox, Qasımlı Azər-in 30 sutkalıq həbsi də məhz həmin həzm etmədikləri pozitiv enerjinin neqativ şəkildə “qusmalarıdır”.
MeydanTV[:]