[:az]Qiyas İbrahimova kitab qadağası var[:]

tərəfindən Gozetci

[:az]Mərhum prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqdan sonra narkotik ittihamı ilə həbs edilib 10 il cəza alan Qiyas İbrahimovun anası deyir ki, təxminən bir aydır oğluna kitab qadağası var. Qiyasın saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsinə aparılan kitabları ona verməyə qoymurlar.

Şura Əmiraslanovanın AzadlıqRadiosuna bildirdiyinə görə, oğlu üçün apardığı kitabları geri qaytarırlar. Sonuncu dəfə nəzarətçi deyib ki, rəisin tapşırığı belədir: «Mən də dedim ki, keçən dəfə də qaytardınız, bu, artıq sondur. Rəisə çatdırın, inciməsin, mən bu məsələni ictimailəşdirəcəm. Penitensiar Xidmətə müraciət edib, bunun səbəbinin izahını tələb edəcəm».

Ş.Əmiraslanova onu da bildirib ki, apardığı kitablarda yayılması qanunla qadağan edilmiş heç bir məlumat olmayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyib ki, cəzaçəkmə müəssisələrində qanunla qadağan edilməmiş heç bir ədəbiyyata məhdudiyyət yoxdur: «Hətta Penitensiar Xidmət özü vəsait ayırır ki, yeni kitablar alınsın. Milli, dini ədavəti qızışdıran, erotik-pornoqrafiya və bu tipli kitablar qanunla qadağandır və buraxılmır. Bədii ədəbiyyata heç bir qadağa yoxdur, ola da bilməz».

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə şüar yazdıqdan bir gün sonra həbs olunub. Onların hər ikisi qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Apellyasiya məhkəməsi və Ali Məhkəmə də bu cəzanı qüvvədə saxlayıb.

Sonradan Q.İbrahimov və atası Həsən İbrahimov haqqında yeni cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunublar. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək «balalarınızdan görəsiz…» deyib. Bu, hakimə hörmətsizlik kimi qəbul edilib.

Bu ittihamla Q.İbrahimovun cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.

Q.İbrahimov və B.Məmmədov narkotik ittihamı üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmədə də deyiblər ki, keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edirlər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az