[:az]Müxalifət mitinqinin iştirakçıları prezident seçkilərini boykota çağırıblar[:]

tərəfindən Gozetci

[:az]Müxalifət mitinqinin iştirakçıları korrupsiyaya, insan hüquqlarının pozulmasına, iqtisadi və sosial problemlərə, Qarabağ münaqişəsinin həll olunmamasına görə hakimiyyəti tənqid ediblər, həmçinin 11 aprel prezident seçkilərini boykota çağırıblar.

Mitinqdə çıxış edən AXCP lideri Əli Kərimli deyib ki, aksiya 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın 100 illiyinin qeyd edildiyi gündə keçirilir. Stepan Şaumyanın rəhbərliyi ilə Xalq Komissarları Soveti hökuməti və Daşnaksütyun erməni-millətçi partiyasının silahlı dəstələri Bakıda və qəzalarda on minlərlə azərbaycanlını qətlə yetirib.

“Erməni terroru bu gün də davam edir. 25 ildir ki, Qarabağ işğal altındadır”, – Ə.Kərimli vurğulayıb.

O, hakimiyyəti işğal edilmiş əraziləri qaytarmaq üçün fəaliyyət göstərməməkdə, həmçinin Rusiyadan keyfiyyətsiz silahlar almaqda ittiham edib.

Ə.Kərimlinin fikrincə, hakimiyyət Rusiyadan belə silahlar almaqla faktiki olaraq siyasi havadarlığa görə onlara xərac ödəyir, Moskvanın Ermənistanın müttəfiqi olduğuna göz yumur.

Ə.Kərimli hakimiyyəti korrupsiyada ittiham edərək monopoliyanın başında İlham Əliyevin durduğunu deyib.

O, diqqəti 160-dan çox siyasi məhbusun olmasına yönəldib.

Ə.Kərimlinin fikrincə, İ.Əliyevin daha 7 il ölkəni idarə etməyə mənəvi haqqı yoxdur.

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzinin üzvü, iqtisadçı Vahid Məhərrəmli “iqtisadi inkişaf, iş yerlərinin açılmasına dair” statistikanın yalan olduğunu bildirib.

Əgər 3-4 il əvvəl ÜDM və dövlət büdcəsi müvafiq olaraq 75 mlrd. və 25 mlrd. dollar təşkil edirdisə, hazırda 40 və 10 mlrd. dollar təşkil edir.

O, prezident seçkilərini boykota çağırıb.

Müsavat Partiyasının lideri Arif Hacılı hakimiyyəti Qarabağ problemini həll etməyə qadir olmamaqda ittiham edib.

Onun sözlərinə görə, hökumət düzgün xarici siyasət yürütmür, buna görə Azəybaycanın beynəlxalq arenada mövqeyinə xələl gəlir.

A.Hacılının fikrincə, “Azərbaycan daha çox ofşorlarda pul qalmaqalı ilə bağlı şöhrətlənib”.

“Hətta Kim Çen In dəyişdi, Çinə getdi, nüvə proqramına yenidən baxmağa hazır olduğunu bildirdi. Azərbaycan hakimiyyəti də dəyişməlidir, əks halda biz onu dəyişəcəyik”, -A.Hacılı əlavə edib.

DQMŞ rəhbəri Cəmil Həsənli növbədənkənar prezident seçkilərini “məzhəkə” adlandırıb.

“Xalqın seçki hüququndan məhrum edilməsi ağır cinayətdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində İlham Əliyev respublikaçılıq ənənələrini tamamilə dağıtmaq istəyir”,- o vurğulayıb.

Lakin demokratik qüvvələr buna qarşı mübarizəni davam etdirəcək, o vurğulayıb.

“Bu rejim dəyişməyənə qədər bizim mübarizə davam edəcək”, -C.Həsənli bildirib.

Şəhər polisinin məlumatına görə, aksiyada 1200 nəfər iştirak edib.

Təşkilatçılar hesab edirlər ki, bu rəqəm bir neçə dəfə kiçildilib.

Saat 15:00-da Yasamal rayonundakı “Məhsul” stadionunda müxalifətin növbədənkənar prezident seçkilərinə qarşı mitinqi başlayıb.

Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyasının təşkil etdiyi aksiyada bir neçə min adam iştirak edir.

Mitinq iştirakçıları seçkilərin saxtalaşdırılmasına etiraz edirlər. Onlar hesab edirlər ki, ölkədə demokratik seçkilərin keçirilməsi üçün şərait yoxdur və hökumət növbəti dəfə hakimiyyəti qəsb etmək istəyir.

“Məhsul” stadionunun ətrafında gücləndirilmiş polis dəstələri toplaşıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az