[:az]Həbsdəki keçmiş müstəntiq: ‘Ombudsmanın nümayəndələri işgəncə izlərini gördü'[:]

tərəfindən Gozetci

[:az]Siyasi bəyanatla Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən və az sonra həbs olunan Rüfət Səfərovun saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması ilə bağlı iddiasına baxılıb. Martın 19-da Bakı Apellyasiya Məhkəməsində bu məsələyə baxılarkən R.Səfərov özü də iştirak edib. Deyib ki, prokurorluq işgəncə faktına göz yumub, cinayət işi başlamaqdan imtina edib. Xəzər Rayon Məhkəməsi də prokurorluğun bu qərarını haqlı sayıb. R.Səfərov həmin məhkəmə qərarından apellyasiya şikayəti verib.

«Həmin vaxt Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri cəzaçəkmə müəssisəsində mənə baş çəkəndə üzərimdəki işgəncə izlərini görmüşdülər. Xahiş edirəm, onları məhkəməyə çağırıb şahid qismində dindirəsiniz», – R.Səfərov vəsatət qaldırıb.

Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Sonda Bakı Apellyasiya Məhkəməsi də prokurorluğun cinayət işi başlamaqdan imtina qərarını doğru sayıb və Xəzər Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

R.Səfərovun yaxınları AzadlıqRadiosuna bildirib ki, ona cəzaçəkmə müəssisəsində işgəncə verilməsi ilə əlaqədar Avropa Məhkəməsinə müraciət olunacaq.

R.Səfərov 2017-ci ilin sentyabrında saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində döyüldüyünü, günlərlə cərimə kamerasında ac-susuz saxlandığını, təhqir olunduğunu bildirmişdi. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bu iddiaları təkzib edərək, Azərbaycandakı həbs yerlərində kimsəyə işgəncə verilmədiyini demişdi.

R.Səfərov 2015-ci il dekabrın 20-də ölkədə insan haqlarının pozulması, prokurorluq orqanlarındakı qanunsuzluqları tənqid edərək, istefa verdiyini bildirmişdi. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi idi.

Bundan bir həftə sonra R.Səfərov haqqında CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlandı və o, həbs olundu. 2016-cı ilin yanvarında ev dustaqlığına buraxılsa da, həmin ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun 9 il azadlıqdan məhrum edilməsi haqda hökm verdi.

R.Səfərov ittihamı qəbul etmir, ölkədəki siyasi sistemi tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az