[:az]Müsavat Partiyası Allahşükür Paşazadədən şikayətçidir[:]

tərəfindən Gozetci

[:az]Paşazadə məscidlərə siyasətə qarışmaq göstərişi verir”

Müsavat Partiyası Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadə barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Bu barədə partiyanın divanı qərar verib.

Müsavat başqanı Arif Hacılı deyib ki, Allahşükür Paşazadənin 11 aprel növbədənkənar prezident seçkisi barədə çağırışlarında yalnız Seçki Məcəlləsi deyil, ölkə Konstitusiyasının pozuntusu var.

“Konstitusiyaya əsasən, din dövlətdən, siyasətdən ayrıdır. A. Paşazadə isə məscidlərə siyasətə qarışmaq haqda rəsmi göstəriş verir. Hətta bu məsələyə nəzarət olunacağını da bildirir. Bu mənada Paşazadənin əməlində seçki qanunvericiliyi yox, Konstitusiya pozuntusu da var. Ona görə şeyxin fəaliyyəti haqda təkcə MSK-ya yox, həm də hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadə seçki kampaniyasına qoşulub. O, ölkədə olan bütün din adamlarını hər yerdə “haqq sözü” deməyə, cari prezident seçkisində İlham Əliyevi dəstəkləməyə çağırıb.

Allahşükür Paşazadənin məlum çağırışında diqqətçəkən bir məqam da olub: “Mən bunu (İlham Əliyevin namizədliyini dəstəkləməyi- A. A.) sizdən xahiş edirəm. Xahişdən əlavə, açıq deyəcəm: bu, kontrol olunacaq”.

Apreldə keçiriləcək növbədənkənar prezident seçkisinin təşviqat-təbliğat kampaniyası başlamayıb. Buna baxmayaraq, seçkiyə kollektivlər adından dəstək verənlər var. Dəstəkçilər bir sıra dövlət büdcəsindən maliyyələşən, eləcə də nizamnaməsində ictimai təşkilat kimi göstərilən qurumlardır. Onlar hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı çağırış ediblər.

Azərbaycan Həmkarlar Konfedrasiyası prezident İlham Əliyevin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı 5 fevral sərəncamını imzaladığı gün açıqlama yaydı. Bu çağırışı prezidentin köməkçisi Əli Həsənov həmkarların tədbirində səsləndirdi.

Ardınca yaradıcı birliklər – rəssamlar, yazıçılar və bəstakarlar ittifaqları ölkə başçısının namizədliyini dəstəkləyəcəklərini açıqladılar.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə jurnalistlərin İlham Əliyevə səs verəcəyini ifadə etdi.

Fevralın 14-də isə Azərbaycan Ağsaqqallar Şurası, QHT-lər, dini konfessiya rəhbərləri, Elmlər Akademiyası da oxşar bəyanatlar yaydılar.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli də aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən danışıb. O, əminliklə bildirib ki, əlilliyi olan şəxslərin hamısı İlham Əliyevin yenidən prezident seçilməsini istəyir:

“Bütün əlillər istəyir ki, qarşıdan gələn seçkilərdə möhtərəm İlham Əliyev yenidən prezident seçilsin. Bu, bütün əlillərin ürəyindən olacaq”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli təbliğat-təşviqat kampaniyası başlamamış kollektiv dəstəkləmələrin, kimlərinsə adından açıqlamalar vermənin sovet siyasi sistemindən qaldığını deyir:

“Bir tərəfdən sovet ənənələri saxlanılır, digər tərəfdən də guya çoxpartiyalı sistemdir, alternativ namizədlər var, sərbəst toplaşmaq, ifadə azadlığı üçün şərait yaradılıb. Amma bütövlükdə prosesin özü imitasiyadan başqa bir şey deyil. Normal dövlətlərdə hakim partiyaların namizədinin belə dəstəklərə ehtiyacı olmur”.

Fevralın 5-də Azərbaycan prezidenti İlham Əliyev sərəncam verərək, növbədənkənar prezident seçkilərini elan edib.

Sərəncama əsasən, seçkilər 2018-ci il aprelin 11-ə təyin edilib.

Azərbaycanda seçkilər 2018-ci il oktyabrın 17-də keçirilməli idi. Prezidentin növbədənkənar seçkiləri təyin etməsinin səbəbləri göstərilməyib.

İlk dəfə olaraq Azərbaycanda prezident 7 il müddətinə seçiləcək.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az