[:az]Anar Məmmədli: ‘Belə bir seçki şəraiti demokratik hesab oluna bilməz'[:]

tərəfindən Gozetci

[:az]“İlham Əliyevin növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncamı Konstitusiyaya edilmiş son dəyişikliklərə əsaslanır. Ancaq hüquqi mexanizmin olması əsas vermir ki, seçkilərin 6 ay öncəyə təyin edilməsi ilə bağlı öncədən məlumat və ya geniş izahat yayılmasın. Seçkilərin iki ay ərzində belə tələm-tələsik və qəfil keçirilməsi ilk növbədə Azərbaycan hakimiyyətinin anti-demokratik mahiyyətindən xəbər verir. Çünki prezidenti seçkilərinin aprelin 11-nə təyin olunması ilə bağlı nə öncədən müzakirə aparılıb, nə də bu barədə ictimaiyyət məlumatlandırılıb”,  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli növbədənkənar seçkilərin elan edilməsini şərh edərkən belə deyib.

“Bu seçkilər ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan bütün siyasi azadlıqların maksimum boğulduğu, ölkədə 140 nəfərdən artıq siyasi məhbusun olduğu və əsas seçki iştirakçıları – siyasi partiyalar, media və vətəndaş cəmiyyəti qurumları üçün fəaliyyət imkanlarının məhdulaşdırıldığı zamana təsadüf edir. Belə bir şəraitdə seçki mühitini demokratikləşdirmədən növbədənkənar prezident seçkisi keçirmək bu prosesi sıradan, texniki və qapalı hadisə kimi yola verməkdir. Eyni zamanda bu addım açıq-aşkar siyasi partiyaları və vətəndaş cəmiyyətini seçki prosesində iştirakdan kənarda saxlamaq istəyidir”.

Anar Məmmədli hesab edir ki, Avropa Şurasının insan hüquqları ilə bağlı monitorinqi altında olan ölkə kimi Azərbaycanda seçkinin tələsik keçirilməsi bu prosesin beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsinə də imkan verməyəcək. Şübhəsiz ki, belə bir durumda həm Avropa Şurası, həm də ATƏT-in Demokratik Təsisatlar Bürosu zəruri sayda və zamanda müşahidə missiyası göndərə bilməyəcəklər.

“Əgər yaxın günlərdə siyasi məhbusların azad olunması, siyasi partiyalar və media orqanları üçün zəruri şəraitin yaradılması, habelə vətəndaş cəmiyyətinin seçkidə iştirakını təmin edən dəyişikliklər baş verməsə, bu seçki aşkar şəkildə elan edilmiş, ancaq qapalı formada keçirilən seçki olacaq. Belə bir seçki şəraiti heç bir halda Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq normativ aktlara uyğun azad və demokratik seçki prosesi hesab oluna bilməz”, deyə o, bildirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az