[:az]Nardaranda və Maştağada dindarlar həbs olundu[:]

tərəfindən Gozetci

[:az]«Müsəlman Birliyi» Hərəkatının daha iki üzvü – Samir Babayev və Mahir Quliyev həbs olunub. Bu haqda dindar fəalların ailə üzvləri məlumat verib. Bildiriblər ki, Maştağa sakini olan S.Babayev fevralın 3-də Sabunçu rayonu, 14-cü polis bölməsinə çağrılaraq saxlanılıb. Yaxınlarının sözlərinə görə, Samirdən heç bir xəbər çıxmadığını görüb özləri də polis bölməsinə gediblər. Onlara deyilib ki, S.Babayevə 60 sutka inzibati həbs cəza verilib. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, S.Babayevin üzərindən narkotik tapılıb.

Həbs olunan digər dindar fəal M.Quliyevə isə 30 sutka inzibati həbs cəzası verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılır.

M.Quliyev 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunub, 14 il 6 ay azadlıqdan məhrum edilmiş Abbas Quliyevin qardaşıdır.

Hər iki dindar fəalın yaxınları onların uzun müddətdir təqib altında olduğunu və saxta ittihamla həbs edildiklərini deyirlər.

Dindarların həbsi ilə bağlı rəsmi məlumat verilməyib.

S.Babayev 2017-ci il oktyabrın 5-də də polisə tabe olmamaq suçlaması ilə saxlanmış və ona 30 sutka həbs cəzası verilmişdi. Həmin həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılarkən S.Babayev məhkəmədə bildirmişdi ki, ona Sabunçu Rayon Polis İdarəsində işgəncə verilib – bədəninə cərəyan qoşulub, dəyənəklə döyülüb, təhqir olunub.

«Müsəlman Birliyi» hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. Amma təqsirləndirilən şəxslər ittihamları rədd edir, saxta olduğunu bildirirlər. Onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Amma idarənin əməkdaşları məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib edib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az