Dekan müavini tələbəsinin həbsində israrlıdır

tərəfindən Gozetci

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsi Zəka Mirağayev aylıq əməkhaqqısının 15 faizi tutulmaqla, 1 il islah işlərinə məhkum olunsa da, iddiaçı tərəf bunu çox yüngül cəza hesab edir. Tələbəni xüsusi ittiham qaydasında məhkəməyə vermiş həmin fakültənin dekan müavini Nigar İsmayılzadə onun həbs olunmasında israrlıdır. Elə yanvarın 8-də keçirilən məhkəmədə də dekan müavininin vəkili Kamandar Nəsibov tələbənin cəzasının ağırlaşdırılması tələbi ilə çıxış edib.

Mətbuatdakı yazı və müsahibələrində dekan müavininə böhtan atmaqda günahlandırılan Z.Mirağayev haqda hökm bir müddət öncə Yasamal Rayon Məhkəməsində çıxarılıb. Amma hökm tərəflərin heç birini qane etməyib. Xüsusi ittihamçı N.İsmayılzadə cəzanın ağırlaşdırılması, Z.Mirağayev isə bəraət tələbi ilə hökmdən apellyasiya şikayəti verib. Bu məsələyə Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Yanvarın 8-də keçirilən məhkəmədə N.İsmayılzadənin vəkili K.Nəsibov deyib ki, verilən cəza çox yüngüldür, onun əməlinə adekvat deyil. Müdafiəçinin sözlərinə görə, Mirağayev dekan müavinini rüşvət almaqda ittiham edib, amma ortaya heç bir fakt qoymayıb.

K.Nəsibov tələbəyə həbs cəzası verilməsini istəyib. N.İsmayılzadə də vəkili ilə razılaşıb.

Z.Mirağayevin vəkili Elçin Sadıqov isə çıxarılmış hökmü ifadə azadlığının pozuntusu kimi qiymətləndirib. Bildirib ki, xüsusi ittihamçının məhkəməyə təqdim etdiyi materiallarda, video-diskdə də tələbənin dekan müavininin ünvanına birbaşa ittihamı yoxdur.

E.Sadıqov çıxışının sonunda Yasamal Rayon Məhkəməsinin hökmünün ləğv olunmasını, Z.Mirağayevə bəraət verilməsini istəyib.

Mirağayev də vəkili ilə razılaşdığını deyib.

Məhkəmənin qərarı fevralın 5-də elan olunacaq.

Hökmə görə, mətbuata müsahibələrində, yazılarında fakültədə rüşvətxorluq, özbaşınalıq halları olduğunu deyən və buna görə N.İsmayılzadəni günahlandıran tələbə bununla dekan müavininə böhtan atıb. Ona görə də Z.Mirağayev CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib.

N.İsmayılzadə tələbənin həm də CM-nin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyirdi. Amma məhkəmə Mirağayevin yazılarında, müsahibələrində təhqir olmadığı nəticəsinə gəlib və bu maddə ilə ona bəraət verilib.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az