[:az]Yasamalda qaza görə etiraz[:]

tərəfindən Gozetci

[:az]Bu gün, yanvarın 29-da Yasamal rayonunun bir qrup sakini etiraz aksiyası keçiriblər. Sakinlər Şərifzadə küçəsində yolu müvəqqəti bağlayıblar.

Onlar deyiblər ki, artıq bir aydan çoxdur, evlərinə verilən qazın təzyiqi aşağı düşüb. Bəzən isə kəsilir. Söhbət Şərifzadə küçəsinin arxa məhəllələrindəki mənzillərdən gedir.

«Bir aydan artıqdır ki, qazın təzyiqi düşüb. Çətinliklə alışır, çayı belə qaynatmır. Qaza baxanlar elə hey «bu gün düzələr, sabah düzələr» deyirlər. Bezmişik daha bu vəziyyətdən. Son günlərdə havalar şaxtalı keçdiyindən, evdə uşaqlar donurlar», – sakinlərdən biri deyib.

Yolu bağlamağa çıxan digər sakinlər də eyni problemdən əziyyət çəkdiklərini bildiriblər.

Sakinlərin bəziləri iddia edib ki, əhalinin qazını kəsib, xaricə satırlar. Bəziləri də hesab edir ki, qaz problemini süni yaradıblar.

«Ölkəyə, hökumətə qarşı təxribat yaradırlar. İnsanların qazını kəsib, onları ayağa qaldırılar. Bir aydan çoxdur ki qazımız yoxdur. Qazi elə ona görə vermirlər ki, təxribat yaransın», – yaşlı sakin belə deyib.

O əlavə edib ki, etiraz etsələr də, onları gəlib dinləyən yoxdur.

«Heç kim gəlib bir izahat vermir, problemi həll etmir. Elə o çəkir, bu çəkir, o gəlir, bu gedir, ancaq heç bir faydası yoxdur», – sakin bildirib.

Sakinlər onu da vurğulayıblar ki, dəfələrlə «Azəriqaz» İstehsalat Birliyinə müraciət ediblər. Lakin qeyd etmələrinə görə, idarədən onları dinləyən, dərdlərinə çarə edən olmayıb.

Yasamal rayonu sakinlərinin yolu bağlaması 15-20 dəqiqə sürüb. Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Onlar sakinləri yoldan uzaqlaşdırıblar.

Sakinlərin qarşısına yalnız Yasamal Rayon İcra Hakimiyyətindən gəlmiş nümayəndə çıxıb. O, narazıları əmin edib ki, tezliklə qazın təzyiqi ilə bağlı problem çözüləcək.

Məsələyə hələlik «Azəriqaz» İstehsalat Birliyindən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az