[:az]AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim Cinayət Məcəlləsinə edilən dəyişiklikləri nəzərə alıb, işinə yenidən baxılması üçün məhkəməyə müraciət edib. Bu haqda onun oğlu Turan İbrahim məlumat verib.
M.İbrahimin ittiham olunduğu CM-nin 221.2.2 (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsində 5 ilə qədər həbs cəzası nəzərdə tutulmuşdu. Həmin vaxt M.İbrahim bu maddə ilə 3 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin sonlarında cinayət qanunvericiliyinə edilən 300-ə qədər dəyişiklik arasında CM-nin 221.2.2 maddəsi də vardı. Dəyişiklikdən sonra cəzanın yuxarı həddi 5 ildən 4 ilə endirildi. İttiham maddəsinin yüngülləşdirilməsini nəzərə alaraq, M.İbrahim yanvarın 26-da məhkəməyə müraciət edərək cəza məsələsinə yenidən baxılmasını istəyir.
16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.İbrahimin müraciətinə Suraxanı Rayon Məhkəməsində baxılacaq.
M.İbrahim bundan əvvəl də azadlığa buraxılmaq üçün iki dəfə məhkəməyə müraciət edib. Birincidə cəzanın 1/3-ini, ikincidə isə yarıdan çoxunu çəkdiyini əsas gətirərək, vaxtından öncə azadlığa buraxılmasını istəyib. Amma hər ikisində ona «yox» deyilib. Birinci məhkəmədə 16 Saylı Cəzaçəkmə Müəssisəsinin dəstə rəhbəri Tacəddin Məsimov demişdi ki, M.İbrahim «heç öz yerini yığmır, bir dəfə əlinə süpürgə alıb, müəssisədə yeri süpürməyib, ona görə islah olunmuş sayıla bilməz». 2017-ci il dekabrın 26-da keçirilən ikinci məhkəmə də M.İbrahimin «hələ islah olunmadığı» nəticəsinə gəlmişdi.
M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
M.İbrahim AXCP-dən xaric edilən Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. M.Quliyevi vurmaqda günahlandırılan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, hadisə zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.
M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Hazırda AXCP-nin 10-dan çox fəalı uzunmüddətli həbsdədir. AXCP onları siyasi məhbus sayır. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə alınıblar.
Hüquq müdafiəçilərinin hazırladıqları siyahıya görə, ölkədə 150 civarında siyasi məhbus var.
Azadlıq Radiosu[:]