[:az]“İki nəfər yüksək hərarət səbəbindən bayılıblar”
6 saylı Cəzaçəkmə Müəssisəsində 10-dan çox məhbusun səhhətində problem yarandığı bildirilir.
Bu barədə Meydan TV-yə məhbusların yaxınları məlumat verib. Onlar bildirib ki, martın 29-da Asət Mütəllimov və Cavid Məmmədov hərarətlərinin artması nəticəsində bayılıblar:
“Onlardan başqa Səməd Hüseynovun, Tehran Əliyevin, Tural Lətifovun, Cavid Məmmədovun, Fərid Kamalovun, Eldar Salmanlının durumu pisləşib. Daha ağır durumda Seyidağa Mehdiyev və İntiqam Novruzovdur”.
Onlar bildirib ki, səhhətləri pisləşən məhbuslar arasında İran və Gürcüstan vətəndaşları da var.
Penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bütün məhbusların səhhətinin ciddi nəzarət altında olduğunu deyib:
“Amma ayrı-ayrı xəstə məhbusların səhhəti haqda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxlayın”.
Tibb Baş İdarəsindən rəis İftixar Qurbanov yerində olmasa da telefona cavab verən şəxs bildirdi ki, Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin mətbuat xidmətləri ilə əlaqə saxlayın:
“İftixar Qurbanov bütün günü həbsxanalarda olduğundan telefonlara cavab vermək imkanında deyil”.
Ədliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Meydan TV[:]