Noyabrın 16-da ailəsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan “Abzas Media” nəşrinin redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.
Ailədən AzadlıqRadiosuna verilən məlumata görə, görüş zamanı jurnalistin qolunda zorakılıq izləri görülüb:
“Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb…Həmçinin, Nərgiz Absalamova və Elnarə Qasımivanın da əlində zədə olduğu deyilir. Yəni, hər üç məhbus jurnalistə də xəsarət yetirildiyi bildirilir”.
Ailədən deyilənə görə, S.Vaqifqızı hadisənin noyabrın 15-də axşam baş verdiyini bildirib: “Deyilənə görə, Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıbmış. Bu zaman bir nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu deyib və qapının yanından getməsini istəyib. Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman nəzarətçi Nərgizi təhqir edib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də etiraz edib. Bu zaman gəlib bütün kameraların nəfəsliyini bağlayıblar”.
Ailəsinin vurğulamasına görə, Sevinc Vaqifqızı söyləyib ki, kamera yoldaşlarından biri epilepsiya xəstəsidir, eyni zamanda, digər kamerada hamilə qadın var: “Nəfəslik bağlandıqdan sonra içəridə havasızlıq yaranıb və epilepsiyadan əziyyət çəkən qadının vəziyyəti pisləşib. Bu zaman Sevinc Vaqifqızı “nəfəsliyi açın” deyə qışqırmağa və qapını döyməyə başlayıb. Digər kameradakı dustaqlar da qapıları döyməyə başlayıblar. Bundan sonra bir nəzarətçi nəfəsliyi açıb “nə olub” deyib. Həmin an Sevinc əlini nəfəsliyin arasına salıb ki, təkrar bağlamasın. Deməsinə görə, nəzarətçi qəsdən nəfəsliyi bağlayaraq Sevincin əlini arakəsmədə sıxıb”.
Elə həmin vaxtda “Abzas Media” işi üzrə həbs edilən digər jurnalistlərdən Elnarə Qasımova və Nərgiz Absalamovaya da təzyiq edildiyi bildirilir. Yaxınlarının verdiyi məlumata görə, hələlik, vəkillərinin jurnalistlərlə görüşmək təşbbüsləri isə nəticə verməyib.
Bütün bu açıqlamalara, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
“Abzas Media” işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əlavə bir neçə şəxs həbs edilib. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
AzadlıqRadiosu