Martın 14-də Bakı şəhəri poilis Baş İdarəsinin müstəntiqi ilə görüşdən sonra tanınmış jurnalist, “Toplum” telekanalının baş redaktoru Xədicə İsmayılovanın Azərbaycandan çıxışına qadağa qoyulub.
Bu barədə Xədicə İsmayılova “Turan”a danışıb.
“Toplum TV-nin jurnalistləri barəsində qaldırılan cinayət işi üzrə müstəntiqə ifadə verməkdən imtina etdim. Mən özüm polisin çağırışı ilə Baş İdarəyə gəldim. Sualları müstəntiq Hacıbala Hacıyev verirdi. Sonra məni buraxdılar və bir daha zəng etmədilər. Sonra bildim ki, ölkədən çıxışıma qadağa qoyulub”, – İsmayılova “Turan” agentliyinə bildirib.
Həmin gün Xədicə İsmayılova Konstitusiyanı əsas gətirərək, Toplum TV-nin jurnalistləri ilə bağlı qaçaqmalçılıq işi ilə bağlı polisə ifadə verməkdən imtina edib.
Bakı şəhər Baş Polis İdarəsində üç saat qaldıqdan sonra o, sərbəst buraxılıb.
“Mənə bu hüququ Azərbaycan Konstitusiyasının 66-cı maddəsi və Cinayət-Prosessual Məcəlləsi verir. Sonradan mənə qarşı istifadə olunmayacağına əmin olmadığım üçün ifadə verməmək qərarına gəldim. Mən istintaq orqanının qərəzliliyini hiss etdim və buna görə də ifadə verməmək üçün konstitusion hüququmdan istifadə etdim”, – İsmayılova bildirib.
Turan