Apellyasiya Məhkəməsi Ülvi Həsənlinin şikayətini təmin etməyib

tərəfindən Gozetci

Ülvi Həsənli

Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin vəkillə telefon danışıqlarına qoyulmuş qadağadan verdiyi şikayətə baxılıb. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Ülvi Həsənli ilə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşə bilirsə də, zənglərə qadağa qoyulub.

Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, şikayəti təmin etməyib.

“Təəsssüf ki, Xətai Rayon Məhkəməsi bizim şikayəti təmin etmirdi. Bildirirdi ki, heç bir məhdudiyyət yoxdur. Amma biz də deyirik ki, faktiki olaraq, məhdudiyyət var. Çünki bir neçə dəfə Ülvi Həsənli xahiş edib ki, mənə zəng eləsin. İstintaq Təcridxanasına tez -tez gedə bilmirəm. Məlumatları ancaq  o, vəkillə görüşəndə ala bilər. Neçə dəfə zəng etmək istəyib,  icazə verməyiblər. Rəhbərliyə də yazılı müraciət edib”, deyə vəkil bildirib.

Onun sözlərinə görə, bugünki məhkəmə prosesində jurnalist Ülvi Həsənli də iştirak edib. O, məhkəmə prosesində vəkilin verdiyi apellyasiya şikayəti ilə razılaşsa da, məhkəmə şikayəti təmin etməyib.

Zibeydə Sadıqova bildirib ki, bundan əvvəl istintaq orqanı Ülvi Həsənliyə ailə ilə görüş və zəng qadağası qoyub:

Ülvi Həsənli noyabrın 20-də, nəşrin baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbinin “Abzas Media”da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az