Elvin Mustafayev aldadılaraq ittihama imza atdığını bildirib
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvlərindən Elvin Mustafayev məhkəmədə ifadəsində bildirib ki, daim narkotiklərə qarşı mübarizə apardığı halda, onu bununla şərləyiblər. O, dekabrın 27-də öz məhkəməsində dindirilib.
Elvin Mustafayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyilə, Samir Əliyev və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyası baxır.
İttihama görə, Elvin Mustafayev avqustda Binəqədi rayonu, Cəfər Xəndan küçəsində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qramdan bir qədər artıq narkotik maddə tapılıb. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik əldə etmə, daşıma) və 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddələrilə ittihamlar irəli sürülüb.
Elvin Mustafayev məhkəmədə ifadəsində bildirib ki, bu ittihamlar qondarmadır və ictimai fəaliyyətinə görə cəzalandırılır. Onun sözlərinə görə, bu fəaliyyətinə görə əvvəllər də təqib və təzyiqlərə məruz qalmışdı.
İctimai fəal deyir ki, o, Binəqədi yox, Nizami rayonu ərazisində saxlanılıb:
“Mənə əvvəllər Binəqədinin polisləri nəzarət edirdi. Çünki o rayonda yaşayırdım. Bir ay olardı ki, köçmüşdüm. Gəlib orada tapdılar. Marketdən çıxanda mülki geyimlilər yaxınlaşdı ki, “Elvin Mustafayev?” Soruşdum ki, nə lazımdır? Bunu demişdim ki, məni tutub zorbalıqla maşına basdılar. Motosikletim də marketin yaxınlığında idi. Məni maşınla apardılar. Onlardan biri də motosikletimi sürüb gətirdi. Binəqədi Polis İdarəsinə gətirdilər. Amma gətirməmişdən öncə təxminən yarım saat Ziya Bünyadov prospektilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində maşını saxlayıb gözlədilər. Kimlərləsə danışdılar. İdarəyə gətirəndən sonra da əl-qol atırdılar. Əvvəl 4 nəfər idilər, sonra 8 oldular…”.
Elvin Mustafayev məhkəmədə danışıb ki, idarəyə gətiriləndən az sonra qarşısına narkotik qoyulub və onu boynuna götürmək təklif olunub. Lakin o imtina edib. İctimai fəalın sözlərinə görə, bundan sonra hədə-qorxular başlayıb:
“Narkotik mənim üçün utancdır. Bunu üzərimə götürmək istəmirdim. Müqavimət göstərdiyimi görüb təhdid eləməyə başladılar ki, “üzünə qadın qoyub, zorlama ittihamıyla göndərərik, İranın agenti ittihamı verə bilərik, ya da 3 nəfər bitmiş narkomanı üzünə qoyub, narkotik satışıyla məşğul olduğunu göstərərik”. Məni hamı tanıyır, kim olduğumu bilirlər, aydın məsələdir ki, bu ittihamlar mənə yapışmayacaq. Bunlar mənə deyirdilər ki, “1 qramdır, həbs olunmayacaqsan”. Mən də o biri ittihamlarla müqayisə elədim, fikirləşdim ki, buna razılaşım. Balaca bir şey idi, elə bildim dedikləri kimi, 1 qramdır. Ona görə boynuma götürdüm. 8 nəfərin hamısı özlərinin, ailələrinin ünvanına söyüş söyüb, söz vermişdilər ki, dedikləri kimi olacaq. Özümü onda təqsirli bilirəm ki, belələrinin sözünə inandım”.
Elvin Mustafayev iki gün sonra Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılanda ittihamın yalan olduğunu, aldadılaraq etiraf ifadəsinə imza atdığını bildirib.
“Məni 234.4.1 və 234.4.3 maddələrilə ittiham eləmək absurd hərəkətdir. Mən ağlım kəsəndən narkotiklərə qarşı təbliğat aparmışam. Mən kuryerliklə məşğul idim, aptekdən dərman daşıyırdıq. Vergi ödəyicisi kimi işimi görürdüm, vaxtında da vergimi ödəyirdim. Mən ölkəmi sevən bir vətəndaşam. Bu, tamamilə quraşdırılmış cinayət işidir. Cənab hakimlər, siz də bunu yaxşı bilirsiniz”, – Elvin Mustafayev ifadəsini belə yekunlaşdırıb.
Yanvarın 17-də keçiriləcək növbəti məhkəmə iclasında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları ifadə verəcək.
Elvin Mustafayevə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Sosial şəbəkələrdə “Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev bundan əvvəl – 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.
Lakin o zaman yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağırılıb və könüllü şəkildə özü gedib. Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır. İctimai fəal özü də bildirmişdi ki, həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.
Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.
Bundan dərhal sonra Konfederasiyanın sədri Afiəddin Məmmədov, daha sonra təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib. Hazırda adları çəkilən digər iki ictimai fəal da həbsdədir. Afiəddin Məmmədov xuliqanlıq və soyuq silahla bədənə xəsarət yetirmə, Ayxan İsrafilov isə narkotiklə ittiham olunur. Lakin onların heç biri özünü təqsirli bilmir, hər ikisi şərləndiklərini bildirirlər.
Meydan TV