Hüquq müdafiəçisi işçinin ayrıseçkiliyə məruz qaldığı qənaətindədir
“2018-ci ildən SOCAR AQŞ-nin podratçı şirkətində çalışmışam, 2021-ci ildən bizi “Smart Technologies Solutions” QSC-yə keçiriblər. Ötən ayın sonunda isə məlum oldu ki, QSC ilə SOCAR AQŞ arasında razılaşma əldə edilib. Beləliklə, mən də daxil olmaqla QSC-nin təxminən 24 işçisi SOCAR AQŞ-də işlə təmin edilməli idi, amma məni və daha bir neçə nəfəri işlə təmin etmədilər”.
Bunu Meydan TV-yə “Smart Technologies Solutions” QSC-nin müəyyən səbəblərdən adının hələlik mətbuatda açıqlanmasını istəməyən keçmiş əməkdaşı bildirib. Onun sözlərinə görə, uzun illər SOCAR-da rəhbər vəzifələr tutub, direktor vəzifəsinədək yüksəlib. Sonradan qısa bir müddətlik neft sahəsindən uzaqlaşıb.
“Bizə dedilər ki, işdən çıxmaq üçün ərizə yazmalısız, çünki bir qurumdan işdən çıxıb digərinə qəbul ediləcəkdik. Hamı kimi işdən çıxmaqla bağlı ərizə yazdım. Bizdən məhkumluqla bağlı sənəd istədilər. Mənim adıma iki min manatlıq cərimə olduğu üçün işə qəbul etmədilər”,-keçmiş neftçi deyib.
Bildirib ki, 2014-cü ildə cərimələnib, məbləğ ödənilib və müddət bitdiyindən cəza qüvvədən düşüb. Lakin əhəmiyyət vermədiyindən cəriməni sistemdən sildirmək üçün müraciət etməyi yaddan çıxarıb:
“Sentyabrın 29-da məhkumluq haqqında sənədi tələb etdilər, vaxt vermədilər. Əks halda cərimənin sistemdən silinməsi üçün müraciət edərdim. Mən oğurluqla, qulduqluqla məşğul olmamışam, adam yaralamamışam. Ödənilmiş və vaxtı keçmiş cərimənin problem yaradacağını bilmirdim”.
Şikayətçi deyib ki, 50-dən çox yaşı var, ömrünün yarıdan çoxunu neft sahəsinə həsr edib. İşdən çıxarkən ödənilən ödənişdən də məhrum olub:
“Ailənin yükü mənim üzərimdədir, tək mən çalışırdım. Bu yaşdan sonra iş tapmaq çətindir, necə dolanacağımı bilmirəm”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatnın sədri Mirvari Qəhrəmanlı bildirib ki, işçilərdən Əmək Məcəlləsinin 48.6 maddəsinə zidd olaraq “məhkumluq haqqında” arayış tələb olunub. Üstəlik, həmin işçiyə qarşı ayrıseçkilik edilib. İşçi həm işsiz qalıb, həm də ixtisarla əlaqədar kompensasiya və işsizlik sığortasından məhrum olub.
SOCAR AQŞ 2007-ci ildə Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkətə məxsus telefonlara üç gün ərzində cavab verilməyib.
Meydan TV